Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu

335

“Azərbaycan tarixində yeni dövr başlayıb, biz bu yeni dövrə şərəflə, ləyaqətlə qədəm qoymuşuq: alnıaçıq, başı dik. Güclü dövlətimiz ötən dövr ərzində qarşısına qoyduğu bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirdi, ətrafında birləşdirdiyi xalqımızın bütün arzu və istəklərini yüksək nailiyyətlərlə reallaşdırdı. Görülən işlərin ən böyük zirvəsi isə, təbii ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsidir. Bu təkcə ərazi bütövlüyümüzün təmin edilməsi ilə yadda qalmadı, həm də dünya ictimaiyyətinə Azərbaycanın gücünü, qüdrətini göstərdi, xalqımızın və onun Liderinin əzmkarlığını, qətiyyətini bəyan etdi. Şübhəsiz ki, daxil olduğumuz yeni dövr böyük nailiyyətlərlə zəngin olacaq. Bildiyimiz kimi, dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi ölkəmizin yeni inkişaf hədəflərindən ən başlıcası Şərqi Zəngəzurda və Qarabağda işğalın fəsadlarını aradan qaldırmaq, aparılan bərpa-quruculuq işlərini uğurla davam etdirmək, sakinlərin öz yurdlarına dönməsini həyata keçirməkdir. Sözsüz ki, bu, elə də asan iş deyil, çünki tamamilə dağılmış ərazilərdə müasir tipli yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, insanların rahat yaşaması üçün hər cür şəraiti yaratmaq böyük iqtisadi güc tələb edir. Həm xalqımız, həm də beynəlxalq ictimaiyyət aydın görür ki, Azərbaycan bu işin öhdəsində layiqincə gəlir. Sistemli və keyfiyyətli işin göstəricisidir ki, artıq sakinlərin bir hissəsi öz yurdlarına dönüb və xoşbəxt yaşayır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, abadlıq-quruculuq işlərinə bilavasitə özü nəzarət edən Prezidentimiz ard-arda həmin ərazilərə səfərlər edir, aparılan işlərlə yerindəcə tanış olur, sakinlərə dövlətimiz tərəfindən tikilən evlərin açarlarını təqdim edir: “ Dövlətimiz və xalqımız üçün əlamətdar gündə – Müstəqillik Günü İlham Əliyev cənabları yenə də Qarabağda idi. Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu. Təbii ki, bu, həmin kəndlərin sakinlərinə, ağdamlılara, eləcə də bütün xalqımıza böyük bayram hədiyyəsidir. Vətən torpağını çiçəklənən, tərəqqi edən, dirçələn görmək, həqiqətən də, bənzərsiz xoşbəxtlikdir. Biz əminik ki, yaxın gələcəkdə Ağdam rayonu tamamilə bərpa olunacaq, əvvəlkindən də gözəl görkəm alacaq və ölkəmizin inkişaf etmiş bir parçasına çevriləcək. Müstəqillik Günü xalqımıza daha, bəlkə də, ən böyük hədiyyə namus tacımız olan Xocalıya sakinlərin yerləşdirilməsi oldu. Çünki bu şəhərin bizim üçün nə qədər həssas olduğu hamıya məlumdur. Burada əsrin ən böyük faciəsi törədilib, qoca, uşaq, qadın demədən yüzlərlə insan amansızlıqla qətlə yetirilib. İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki, Sonqmi qədər qanlı və dəhşətlidir. İnsan xarakterinə aid olmayan bu əməlləri millətçi-şovinist ermənilər acımadan törədiblər. Hətta bu əməlin sahibləri vaxtı ilə özlərini qəhrəman sayırdılar, buna görə dövlətlərindən mükafatlar belə alıblar. Bu gün isə onların hansı rəzil durumda olduqları hamıya bəllidir”.

“Xocalıları öz yurdunda, evində görmək çox qürurvericidir. Onların üzündəki sevinc, xoşbəxtlik hissi xalqımızın hər bir nümayəndəsini fərəhləndirir. Sağ olsun Prezident İlham Əliyev cənablarını ki, onun gərgin zəhməti, fədakar əməyi, düşünülmüş siyasəti və sərkərdəlik məharəti sayəsində biz bu gün xocalıları öz evlərində görürük. Artıq indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. İnanırıq ki, yaxın vaxtlarda bütün sakinlər evlərinə dönəcək. Qüdrətli dövlətimiz bütün bu işlərin öhdəsindən layiqincə və vaxtında gələcək”, – Milli Məclisin deputatı vurğulayıb.