“Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib

270

YAP Yasamal rayon təşkilatında “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və 28 May -Müstəqillik Gününə həsr edilən tədbir Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Radif Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, rayon üzrə partiyanın üzvləri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Əvvəlcə, Yasamal rayonu ərazisində Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Eləcə də YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” adlı videoçarx nümayiş olunub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin gənclər siyasətindən, gənc nəslin milli, vətənpərvərlik ruhunda tərbiyə olunmasından, hazırda dövlətimizin onların inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

Milli Məclisinin deputatı Elnur Allahverdiyev isə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin effektiv nəticələrindən, gənclərin ictimai-siyasi sahədə fəal iştirakından söz açıb, onlara göstərilən dövlət dəstəyini qeyd edib.

Polkovnik-leytenant Füzuli İsmayılov, Vətən Müharibəsi Qəhrəmanları –  Anar Mirzəyev və Qəzənfər Ağayev, həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxışlarında qeyd ediblər ki, gənclərin milli ruhda tərbiyə edilməsi xalqın böyük milli sərvəti, xalqın varlığını yaşadan canlı abidədir. Ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Qələbələrimizdə Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Çıxışlardan sonra Milli Məclisinin deputatları – Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları “Heydər Əliyev. 100 faktın tarixi” adlı kitablar tədbir iştirakçılarına təqdim olunub.