SOCAR Nəqliyyat İdarəsində Həmkarlar ittifaqı komitəsinin hesabatı olub

459

SOCAR Nəqliyyat İdarəsinin Həmkarlar ittifaqı komitəsində hesabat-seçki konfransı keçirilib.

Öncə, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Cahangir Əliyevin, Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədovun iştirak etdiyi konfransda Komitənin sədri Aqil Kərimovun, Təftiş komissiyasının sədri Emin Hüseynovun və idarənin bir sıra şöbə rəhbərlərinin məruzələri dinlənilib. Hesabat məruzəsində Komitənin son dövr ərzində həyata keçirdiyi tədbirlərə bir daha nəzər yetirilib, iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına və qorunmasına, ictimai nəzarətin gücləndirilməsinə yönəldilmiş diqqət, işçilərin müalicəvi yollayışlarla təmini, ailəvi istirahətlərin təşkili, eləcə də mədəni-kütləvi tədbirlərə hədiyyəli biletlərin alınması, şəhid ailələri, qazilər, müharibə iştirakçılarına xüsusi həssas yanaşma, maddi və mənəvi dəstəyin göstərilməsi, pandemiya dövründə ehtiyacı yaranmış işçi ailələrinə ərzaq yardımı, şöbə, sahə kollektivlərinə dezinfeksiyaedici, yuyucu vasitələrin verilməsi bu tədbirlər sırasında olub. İstər Komitə sədrinin, istərsə də Təftiş komissiyasının məruzələri konfrans iştirakçıları tərəfindən müsbət dəyərləndirilib. Konfransda çıxış edən ANQSİHİRK-ın sədri Cahangir Əliyev Nəqliyyat İdarəsi rəhbərliyi və kollektivinin, eləcə də idarənin Həmkarlar komitəsinin işini müsbət qiymətləndirib. Açıq səsvermədə yekdil rəylə Aqil Kərimov yenidən komitə sədri seçilib. Daha sonra komitənin idarə heyətinin tərkibi, Təftiş komissiyasının üzvləri və ANQSİHİRK-nin VI Qurultayına nümayəndələr seçilib.

Konfransda yüksək əhval-ruhiyyənin olmasının əsas səbəbi isə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən ərazi bütövlüyümüzün təmin olunması, məcburi köçkünlərimizin dogma yurdlarına qayıtmağa başlaması, ölkəmizin nüfuzunun gündən-günə daha da artmasından yaranan sevinc və qürur hissi olub.