SİHİ RK-da “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda dəyirmi masa keçirilib

343

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) Gender bərabərliyi və qadın problemləri üzrə komissiyası SİHİ Səbail rayon şurası ilə birlikdə “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda “Dəyirmi masa” keçirib.

15 May – Beynəlxalq Ailə Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının sədri Elnara Muradova ailə münasibətlərindən, ölkəmizdə bərqərar olan ailə dəyərlərindən, dövlətimizin ailə siyasətindən danışıb.

Sonra “Ailənin psixoloji iqliminə təsir edən amillər” mövzusunda SİHİ RK-nın beynəlxalq əlaqələr üzrə mütəxəssisi, psixoloq Mirzəhra Mürsəlli, “Ailənin qorunmasında dinin və təhsilin rolu” mövzusunda Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, “Ailənin hüquqi təminatı” mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin, məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova, “Valideynlərin ailədə rolu” mövzusunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gender bərabərliyi və qadın problemləri üzrə mərkəzinin sədri Gülər Əsgərova çıxış edib.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.