Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən tələbə düşərgəsi təşkil edilib

281

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində tələbələrin “Dayanıqlı inkişaf məqsədləri” adlı tələbə düşərgəsi təşkil edilib.

Düşərgənin açılış tədbirində Naxçıvan Dövlət Universitetinin Həmkarlar ittifaqı komitəsinin sədri Nicat Yaqubov çıxış edərək düşərgənin proqramı və məqsədi haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Naxçıvan Həmkarlar İttifaqları Şurası tələbələrə daim dəstək olur və Şuranın dəstəyi ilə tələbələr üçün bundan əvvəl 3 düşərgə təşkil olunub.

Sonra tədbirdə Şuranın Mətbuat katibi Günel Nur çıxış edərək bildirib ki, təmsil etdiyi qurum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə öz töhfələrini verməkdədir. Vurğulanıb ki, bugünkü təşkil edilən düşərgənin keçirilməsində məqsəd hər kəsi, xüsusilə gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etməkdir. Sonra tələbələrə xoş və səmərəli istirahət arzulayıb.

Daha sonra Naxçıvan Dövlət Universitetinin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxış edərək dayanıqlı inkişaf məqsədlərinin 2015-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilmiş 17 əsas məqsəddən ibarət olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2030-cu ilədək dünyanın strateji inkişafını hədəfləyən məqsədlər yaşıl enerji, təbiətin qorunması, aclığa son və bu kimi digər məsələləri qarşıya qoyub. Vurğulanıb ki, bu gün əsas məqsədimiz ali məktəblərdə bu sahələrdə tədqiqatlar aparmaq və ictimaiyyətə çatdırmaqdır.

Tədbir təlimçilərin və tələbələrin  çıxışları ilə davam edib.

Qeyd edək ki, 35 tələbənin iştirak etdiyi düşərgədə müxtəlif mövzular üzrə təlimlər, oyun və komanda işləri təşkil olunub. Onu da qeyd edək ki, sonda düşərgədə təşkil olunan təlimlərdə fərqlənən gənclər mükafatlandırılacaqlar.