“Qədim dövlətçilik ənənələrinə sahib olan Azərbaycanda mövcud olmuş böyük imperiyalardan tutmuş kiçik dövlətlərə qədər hər biri Yaxın və Orta Şərqin ictimai-siyasi həyatında mühüm rol oynayıb və dünya tarixdə dərin iz qoyub. Həmin dövlətlər Azərbaycan xalqının qədimliyini, dövlət yaratmaq potensialını, onun ətrafında birləşmək, inkişaf etdirmək mədəniyyətini göstərir. Hətta çətin sınaqlar qarşısında belə dövlətçilik ənənələrini unutmayıb, özünün sərbəst və müstəqil yaşamaq istəyindən əl çəkməyib. Məhz bu ənənələrdən güc alan xalqımız 1918-ci il mayın 28-də daha bir dövlət – müsəlman Şərqində ilk dəfə demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Həmin tarixdə dünyanın siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, hələ planetimizin böyük hissəsində, o cümlədən də Avropada totalitarizm, istibdad hökm sürürdü. Demokratik prinsiplər üzərində respublika qurmaqla xalqımız bir çox xalqları geridə qoymuş oldu. Xalqın hakimiyyətini təmin edən, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldıran Cümhuriyyətimizdə bütün vətəndaşlar eyni hüquqlara sahib idi. Bu, Azərbaycanda sülhsevərliyi, tolerantlığı, birgəyaşayış dəyərlərinə sədaqəti bir daha göstərmiş olur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün də dünyada gender bərabərliyi məsələsi aktual olaraq qalır, bir çox dövlətlərdə qadınlar hüquqsuzluqdan əziyyət çəkirlər: “Amma hələ Cümhuriyyət dönəmində Azərbaycanda bu məsələyə diqqət yetirilirdi. Azərbaycan bütün təbəqələrdən olan qadınlara Şərqdə ilk dəfə səsvermə hüququnu verməklə hətta ABŞ-ı, Avropanın qabaqcıl ölkələrindən sayılan Fransanı da geridə qoymuşdu. Cümhuriyyət qısa və ağır şəraitdə üzərinə düşən öhdəlikləri ləyaqətlə yerinə yetirdi. Belə ki, ilk parlament və hökumət quruldu, sərhədlərimiz müəyyənləşdi, bayrağımız, himnimiz və gerbimiz yaradıldı, Ana dili dövlət dili elan edildi. Yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli təhlükəsizlik təmin edildi. O dövrün mühüm hadisələrindən biri də Bakının işğalçılardan təmizlənməsi və paytaxtın buraya köçürülməsi idi. Bu, onu göstərir ki, biz işğalı qəbul edən və onunla barışan xalq deyilik. Maarifin və mədəniyyətin inkişafı da diqqətdən kənarda qalmamışdı. Bakı Dövlət Universitetinin təsis olunmasının əhəmiyyəti bu gün də özünü göstərir. Bu ali təhsil ocağı həmin dövrdə və sonralar ölkəmizdə böyük ziyalı nəslin yetişməsində vacib rol oynayıb”.
“Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür yaşadı, təcavüzə məruz qalaraq süqut etdi. Amma onun Azərbaycan xalqının şüuruna, qəlbinə yerləşdirdiyi müstəqillik eşqi heç zaman sönmədi. Ağır təzyiqlərə məruz qaldı, amansız repressiyalarla üzləşdi, oğul və qızlarını qurban verdi, lakin azad yaşamaq, müstəqil olmaq istəyindən uzaqlaşmadı. Nəhayət, 1991-ci il oktyabrın 18-də – 70 il qəlbinin dərinliyində qoruyub saxladığı müstəqillik arzusunu yenidən reallaşdırdı. Müstəqilliyimizin ilk illəri çətin keçdi, ölkəmizin ictimai-siyasi həyatında ağır böhran hökm sürürdü. Bir yandan da təcavüzkar Ermənistanın xain hücumları və işğal siyasəti. Bu dəfə də müdrik xalqımız qəti qərar verərək özünün böyük oğlu, görkəmli və təcrübəli siyasətçi Heydər Əliyevi hakimiyyətə gətirməklə düşdüyü ağır vəziyyətdən qurtuldu”, – Milli Məclisin deputatı bildirib.
AHİK sədri qeyd edib ki, ölkəmizdə Cümhuriyyət tarixinə olan hörmət, böyük ehtiram və xüsusi qayğı, həqiqətən də, qürur doğurur: “Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Bakıda Cümhuriyyət xadimlərinin şərəfinə abidə ucaldılıb, onların xatirəsi əbədiləşdirilib, adlarına küçə, prospekt və qəsəbələr var. Həmçinin 2018-ci il Azərbaycanda Xalq Cümhuriyyəti İli elan edildi və bu məqsədlə ölkəmizdə geniş tədbirlər həyata keçirildi. Həmçinin ötən ilin dekabrında Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzaladı. Artıq Mədəniyyət, Elm və Təhsil nazirlikləri, Milli Elmlər Akademiyası bununla bağlı tədbirlər planı hazırlayıb həyata keçirirlər”.
“Bizə zəngin dövlətçilik ənənələrini miras qoyan, tarixdə güclü dövlətlər yaradan, dünyaya səs salan ucsuz-bucaqsız imperiyalar quran ata-babalarımızın ruhu şaddır. Hazırda dünya xəritəsində güclü, qüdrətli bir Azərbaycan var. 1918-ci il 28 may tarixində göylərə pərvazlanan, 1990-cı ilin noyabrında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik rəmzi kimi Naxçıvanda qaldırdığı üçrəngli müqəddəs bayrağımızın Böyük Zəfərin memarı cənab İlham Əliyev tərəfindən Xankəndidə ucaldılması suverenliyimizin təminatının böyük nidası oldu. Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamı ilə tarixi Zəfərinə, ərazi bütövlüyünün tam bərpasına qovuşan Azərbaycan indi daha böyük hədəflərə doğru inamla addımlayır. Əminik ki, müasir inkişafın Azərbaycan modelini yaratmış Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi, müdrik rəhbərliyi ilə ölkəmiz bundan sonra da inamla, uğurla inkişaf edəcək və qarşıya çıxan bütün çağırışların, vəzifələrin öhdəsindən layiqincə gələcək”, – Səttar Möhbalıyev fikrini tamamlayıb.