Fəlsəfə və Sosiologiya İnstitutunda hesabat-seçki yığıncağı keçirilib

301

Mayın 17-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Həmkarlar ittifaqı komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

İclasda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli, elmi katib, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova və institutun əməkdaşıları iştirak ediblər.

İclasa sədrlik edən direktor İlham Məmmədzadə iclasın gündəliyini elan etdikdən sonra sözü Həmkarlar ittifaqı komitəsinin sədri Asya Əhmədovaya verib. Asya Əhmədova komitəyə sədrlik etdiyi  2017-2024-cü illər ərzində görülən işlər haqqında ətraflı  məlumat verib.

Sonra gündəliyə uyğun olaraq Təftiş komissiyasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov komitənin gördüyü işlər barədə komissiyanın hazırladığı hesabatı təqdim edib. Hər iki hesabat qənaətbəxş hesab edilib.

Həmçinin açıq səsvermə yolu ilə komitənin sədri, tərkibi və Təftiş komissiyasının üzvləri seçilib. Asya Əhmədova institut kollektivi tərəfindən yenidən komitənin sədri vəzifəsinə təsdiqlənib.

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Həmkarlar ittifaqının işçilərin sosial müdafiəsinin gücləndirilməsi, mədəni istirahətinin təmin edilməsi və s. sahəsində fəailiyyətinin daha da aktiv olmasının zəruruliyini vurğulayıb.