ƏSMA beynəlxalq elmi konfrans keçirib

268

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Karamanoğlu Mehmetbey Universiteti, Özbəkistan Dövlət Universiteti, Özbəkistan İqtisadiyyat və Pedaqoji  Universiteti və Belarus Dövlət Universiteti ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Yaşıl dünya: sosial-iqtisadi transformasiya” mövzusunda hibrid formatda beynəlxalq elmi konfrans keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Ümummilli Liderin həyat və ictimai-siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov tədbiri açıq elan edərək yaşıl iqtisadiyyatın insanların torpaq ehtiyatlarından məsuliyyətlə, səmərəli istifadəsini və ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlmiş yeni inkişaf modeli olduğunu, eyni zamanda da dünya əhalisinin rifahının yüksəldilməsi və təbii sərvətlərdən səmərəli istifadə ilə gələcək nəslə ötürülməsi arasında ən kompramis variantın seçilməsinə hədəfləndiyi haqqında ətraflı məlumat verib.

Plenar iclasda isə Kahramanoğlu Mehmetbey Universitetinin rektoru, professor Dk.Mehmet Gavgalı, Özbəkistan Elmlər Akademiyasının Regional bölməsinin vitse-prezidenti, professor İkrom Abdullayev maraqlı məruzələrlə çıxış ediblər.

Konfransda AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.

Ümumilikdə konfransa 7 dövləti təmsil edən 26 təşkilatdan 75 iştirakçı qatılıb. Sonra konfrans ayrı-ayrı panellərdə davam edib. Sonda xatirə şəkilləri çəkdirilib, iştirakçılara sertifikatlar verilib.