Əbədiyaşar

299

Şəxsiyyət var tarix yazır, tarix də var şəxsiyyət yaradır…
Bu hikmətli fikir müasir qloballaşma dövrünün yeni siyasi reallıqları fonunda da aktuallığını itirməyib. Çünki əksər xalqların milli varlıq və özünütəsdiqinin parlaq ifadəsinə çevrilən müstəqil dövlətçilik konsepsiyasının formalaşması məhz fenomenal liderlərin adı ilə bağlıdir.
Bu xalqlar içərisində azərbaycanlıların da adının çəkilməsi bizim üçün fəxarətdir. Anadan olmasının 101 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət qürur ünvanımızdır. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillər üçün nümunədir, unudulmaz tarixdir.
Ərazi bütövlüyünü tam təmin etmiş tarixinin ən qüdrətli Azərbaycanı məhz Heydər Əliyev dühasının bəhrəsidir desək, yanılmarıq.

 

Möcüzələr yaradan şəxsiyyət

 

Hər ilin 10 mayı Azərbaycan xalqının böyük minnətdarlıqla qeyd etdiyi, ehtiramını, məhəbbətini bildirdiyi gündür. Dünyanın ən böyük azərbaycanlısı kimi qəbul etdiyimiz Ulu Öndər Heydər Əliyevin doğum günü həqiqətən də tariximizin ən möhtəşəm səhifələrindən biridir.
101 yaşını qeyd etdiymiz dahi şəxsiyyət tariximizin qürurlu dünəni, öyrənilən bu günü və daim istinad olunacaq sabahıdır. Bu kontekstdə tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin unikallığının, bənzərsizliyinin elə ən vacib simvolu da budur: O, hər üç dövrün əbədi lideridir. Çünki  hər zaman azərbaycanlı olduğu üçün fəxr edən Ulu Öndər dövləti, xalqı üçün əvəzedilməz işlər görüb. Tanrı isə bu yolda ona müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik kimi keyfiyyətlər bəxş edib.
Ulu Öndərin bioqrafiyası bütünlüklə Azərbaycanın tərcümeyi-halı, şərəf salnaməsidir. Ölkəmizdə hansı uğura, zəfərə, tərəqqiyə nəzər salsan, orada hökmən Heydər Əliyev imzası, müəllifliyi görünəcək.
Ümummilli Lider Heydər Əliyev qüdrətli şəxsiyyət kimi yalnız Azərbaycanın və regionun tarixində iz qoymayıb. O, dünyamiqyaslı tarixi şəxsiyyətdir. Aprelin 22-də Rusiya Federasiyasında Baykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə təntənəli görüş keçirildi. Rusiya Prezidenti Vladimir Putin bu görüşə Prezident İlham Əliyevi də dəvət etmişdi. Həmin görüşdə Baykal-Amur Magistralının inşasına rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev haqqında səslənən səmimi fikirlər hər bir azərbaycanlıya qürur, fəxarət hissi yaşatmaya bilməzdi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dedi ki, Baykal-Amur Magistralı dünyanın ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin əsl yoludur. Təbii ki, bunu icra edənlərin, bu layihəni həyata keçirənlərin çoxu üçün, – o vaxt deyirdilər və indi də bunu təsdiq etmək olar, – BAM bütöv bir nəslin arzularının və romantik istəklərinin simvoludur. BAM həmçinin Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarətinin təcəssümüdür. Onlar dünya tarixində tayı-bərabəri olmayan, hər mənada bənzərsiz bir layihə həyata keçirdilər.
BAM-ın inşasına başlayarkən SSRİ rəhbərliyi bu layihəyə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevi rəhbər təyin edir. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək edir və Azərbaycanın qəhrəman oğlu bu nəhəng layihəni həyata keçirə bilir.
Vladimir Putin deyir: “O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin. Onu da əlavə edim ki, Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə – Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər”.
Prezident İlham Əliyev də xatirələrini bölüşərək deyir ki, BAM-çıların da yaxşı bildiyi kimi, Ulu Öndər Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb. Dahi lider qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənib. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər – 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar.
Həmin zaman SSRİ nəqliyyat tikintisi nazirinin müavini işləyən Yefim Vladimiroviç Basin də Heydər Əliyevlə bağlı xatirələrini yada salaraq deyir ki, o, möhkəm iradəli, böyük erudisiyaya malik, səriştəli və heyrətamiz insan idi: “Heydər Əliyevin BAM-a gəlişini dəqiq xatırlayıram. 1984-cü ilin iyun ayı idi. Bu, bütün BAM boyu “qızıl birləşmənin” ərəfəsi ili idi. Gərginlik pik nöqtəsinə çatmışdı. İvan Varşavski və Aleksandr Bondarın rəhbərlik etdikləri bütün briqadalar bir-biri ilə qarşılaşmağa tələsirdilər. Lakin onların yolunda, xüsusən böyük körpülər və tunellər kimi bir çox maneələr var idi. Məhz bu problemlərin həlli üçün Heydər Əlirza oğlu Əliyev BAM-a gəldi”.
Qətiyyətli, mübariz, yorulmaz, işinin peşəkarı kimi Ulu Öndər bu möhtəşəm tarixi layihəni uğurla yekunlaşdırır. Onun haqqında səslənən həqiqətlər Azərbaycana verilən ən böyük dəyərdir. Yaxşılıq heç zaman unudulmur deyirlər…

 

Sədaqətli xidmət missiyası

 

Ümummilli Lider deyirdi ki, həyatda üç şeyə – Yaradana, zəhmətinə və bir də xalqına arxalanıb. Dahi şəxsiyyət bu müdrik kəlamını əbəs yerə işlətməyib. Dünyaya azərbaycanlı kimi gəldiyi üçün Yaradana minnətdar olan Heydər Əliyev ömrünü xalqının yolunda qurban verib desək, yanılmarıq. Xalqına isə ona görə arxalanıb ki, bütün dövrlərdə Azərbaycan xalqı ona inanıb, güvənib, yürütdüyü siyasəti dəstəkləyib və hər zaman onun yanında olduğunu bəyan edib.
Məhz bu səbəbdən hər kəs Ulu Öndəri Azərbaycan xalqının milli sərvəti, onun qismətinə düşmüş Tanrı payı hesab edir. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini xalqımız zaman keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndirilir.
Azərbaycan elə bir həssas coğrafiyada yerləşir ki, tarixboyu, eləcə də müasiri olduğumuz hazırkı dövrlərə qədər dövlətçiliyimizə qarşı təhdidlər olub və bundan sonra da olacağı gözləniləndir. Amma Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illəri əhatə edən hər iki zaman kəsimində dövlətçiliyimizin təməllərini elə möhkəmlədib, elə mükəmməl formalaşdırıb ki, bu, uzun onilliklər, hətta yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək, xarici təhdidlərdən etibarlı şəkildə qoruyacaq.
Tarixə nəzər yetirsək görərik ki, göstərilən bütün dövrlərdə Ulu Öndərin qəlbi Azərbaycanla döyünüb. O, Azərbaycanı hər yerdə yüksək səviyyədə təbliğ edib.  Hər zaman xalqına, ölkəsinə sevgisini əməllərində təcəssüm etdirib. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetməz. Azərbaycana rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illəri əhatə edən 13 illik tarixi dövrdə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi ilə respublikamızda bütün sahələrin inkişafında böyük sıçrayışa nail olub. Parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Ulu Öndər sözün əsl mənasında möcüzələr yaradıb.
Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Ulu Öndər Heydər Əliyev ona bəslənilən ümidləri layiqincə doğrulda bilib. Təsadüfi deyil ki, sovet illərində olduğu kimi, müstəqillik dövründə də məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bütün təbəddülatlardan xilas olmağı bacarıb. Bu baxımdan tarixi həqiqətdir ki, əgər 1993-cü ilin gərgin və böhranlı iyun günlərində Ulu Öndər siyasi hakimiyyətə qayıtmasaydı, indi bəlkə də nə müstəqilliyimiz, nə də dövlətçiliyimiz var idi. Ermənistan kimi vassal dövlət olaraq Azərbaycan da kiminsə buyruğu, əmrləri ilə idarə edilərdi.
Ona görə də əminliklə, qürurla deyirik ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur.
Ulu Öndər Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb. Ardıcıl mübarizə apararaq ona müasir müstəqil ölkə bəxş edib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.
Bu gün Qarabağda, Şərqi Zəngəzurda, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın hər qarışında dalğalanan üçrəngli bayrağımızın əzəməti, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın möhtəşəm nailiyyətləri Heydər Əliyevin ideyalarının təntənəsidir.

 

Heydər Əliyev Fondu – 20 ildə qazanılan misilsiz nailiyyətlər

 

Ümummilli Lider Heydər Əliyev xalqın son ümid yeri, xilaskarı idi. Xalqımızı zülmətdən aydınlığa aparan dahi şəxsiyyət hər bir azərbaycanlı üçün təkcə xilaskar olmadı, həm də valideyn, qayğıkeş, nümunəvi ata oldu.
Onun siyasi məktəbinin ən layiqli varisi – Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Cənab İlham Əliyev həyata keçirdiyi tam müstəqil siyasət, uğurlu xarici diplomatiya ilə Ulu Öndərin yarımçıq qalan işlərini başa çatdırdı və indi Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi, dünyaya günəş kimi doğan ölkədir. Əlbəttə ki, bu gün bizlərlə birgə olmasa da, dahi liderin ruhu sevinir və onun ideyaları, zəngin irsi hər zaman təbliğ edilir. Bunu əbədiyaşar liderin adını daşıdığı Heydər Əliyev Fondunun təməl prinsiplərində, həyata keçirdiyi bütün layihələrdə görmək mümkündür.
Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 20 il öncə yaradılan fond ötən müddət ərzində Ümummilli Liderin zəngin irsini öyrənməyi, təbliğ etməyi, onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, mədəniyyətimizin, tariximizin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi özünə fəaliyyət prinsipi seçib.
Ulu Öndərin ruhuna dərin hörmət, ehtiram əlaməti olaraq 2004-cü ildə yaradılan fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 20 ildir ki, Azərbaycanın dahi liderinin  parlaq ideyalarının əbədi yaşaması üçün misilsiz xidmətlər göstərir. Ölkəmizdə elə sahə tapılmaz ki, onun problemlərinin çözülməsində, aradan qaldırılmasında, inkişafında Heydər Əliyev Fondunun xidmətləri olmasın. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə fondun gördüyü işlər inqilabi xarakter daşıyır.
Fondun fəaliyyətinə ən böyük qiyməti isə Prezident İlham Əliyev verib. Dövlət başçısı vurğulayıb ki, Heydər Əliyev Fondu sözün əsl mənasında ümumxalq fonduna çevrilib. Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır: “İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük”.
Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi də Birinci vitse-prezidentin xalqı qarşısında xidmətlərinə verilən ən ali mükafatdır, çox yükdək qiymətdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu gün hər şeydən əvvəl son ümid yeri, xeyirxah aksiyaların, marafonların məkanı, nicat qapısıdır.
Bu gün fondun işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələr misilsizdir. Bəllidir ki, işğaldan azad edilən ərazilərimizdə minlərlə maddi-mədəni, dini irs nümunəmiz var ki, onların da çox böyük  bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalıb, düşmən tərəfindən təhqir olunub, dağıdılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular və xüsusi işçi qrupları yaradıldı. Bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparıldı. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etdi. Məhz həmin layihələr əsasında fond artıq bir çox mədəniyyət, dini-tarixi  abidənin bərpasını başa çatdırıb.
Birinci vitse-prezidentin tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzur ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini-mədəni abidələrin bərpası ilə yanaşı, həm də bu bölgədəki mədəni ənənələrimizi də bərpa edir.

 

Zəfər gündəliyi

 

Artıq Qarabağ adlı münaqişə yoxdur. Üç il beş aydır ki, Azərbaycan xalqı Vətən müharibəsindəki Böyük Zəfərin sevincini, qürurunu yaşamaqdadır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülh gündəliyinin icra prosesinə başlanılıb. Regionda kənar qüvvələrin olmaması Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırıb. Ərazilərin delimitasiya və demarkasiya prosesinə start verilməsi bunun bariz təcəssümüdür.
Düzdür, bu prosesə qədər Azərbaycana qarşı çoxsaylı hücumlar oldu. Hətta regionda yeni münaqişə yaratmaq cəhdləri də edildi. Amma Azərbaycan Prezidentinin qətiyyətli siyasəti nəticəsində bütün məkrli planlar iflasa uğradı. Nəhayət, Ermənistan rəhbərliyi anladı ki, bölgədə sülhün təminatı yalnız iki ölkə arasındakı razılaşmadan asılıdır. Qazaxın 4 kəndinin qaytarılması, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi də Azərbaycan Prezidentinin uğurlu diplomatiyasının növbəti təntənəsi oldu.
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha İkinci Qarabağ müharibəsinə, qazandığımız Şanlı Zəfərə və hazırda davam edən danışıqlar prosesinə diqqət çəkdi. Möhtərəm Prezident bildirdi ki, ötən ilin sentyabr ayında Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa edəndən sonra Ermənistanın himayədarları tərəfindən siyasi hücumlara məruz qalıb. Buna baxmayaraq, Azərbaycan  yenə də sülh təklif edib. İndi isə proseslər, əslində, müsbət tendensiyaya və sülhə doğru aparır. Sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiya, hətta demarkasiya prosesi reallaşır.
Prezidentin də söylədiyi kimi, buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub: “Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil”.
Dövlət başçısı bir daha regionda sülh istəməyən qüvvələrə də mesaj ünvanlayaraq bəyan etdi ki, Azərbaycan bu ərazilərdə yeni savaş meydanı yaratmaq istəyən qüvvələrə imkan verməyəcək: “Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

 

COP29 – Azərbaycan dövlətlər, mədəniyyətlər arasında yeni körpülər salacaq

 

Tarixi həqiqətlər göstərir ki, Azərbaycanın qazandığı bütün misilsiz nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. Çünki müharibənin başa çatdığı gün müqəddəs ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini söyləyən dövlətimizin başçısı cənab İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müasir inkişaf konsepsiyasının böyük uğurudur.
Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil, qətiyyətli siyasətin qayəsində xalqın milli tərəqqisi və intibahı hər zaman ön planda dayanır. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, Zəfərdən sonra Azərbaycan öz tarixinin ən şərəfli, qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin ideyalarını real həyatda təcəssüm etdirən müstəqil Azərbaycan dahi liderin layiqli davamçısının rəhbərliyi ilə işıqlı gələcəyinə doğru inamla addımlayır.  Bu gün dünya düzənində böyük hörmət qazanan Azərbaycan möhtəşəm qələbələrlə beynəlxalq birliyə daha sürətlə inteqrasiya istiqamətində böyük imkanlar əldə edir. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqların təşkilatçısıdır. Azərbaycan malik olduğu zəngin mədəniyyəti ilə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilib. Elə COP29-a evsahibliyinin Azərbaycana verilməsi də bunun bariz təcəssümüdür. Çünki bütün dünyaya bəllidir ki, Azərbaycan möhtəşəm konfransların, forumların keçirilməsində böyük təcrübəyə malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat sayılan Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycanın sərgilədiyi mövqe, reallaşdırdığı layihələr, irəli sürdüyü təkliflər ölkəmizin nüfuzunu daha da artırıb. Heç şübhə yoxdur ki, ilin sonunda keçiriləcək COP29 sammitində də Azərbaycan ənənəsinə sadiq qalaraq dövlətlər, mədəniyyətlər arasında yeni körpülər salacaq. Dünyaya həmrəylik çağırışı edib, iqlim dəyişikliyi ilə mübarizədə mühüm işlər görəcək.
Bir sözlə, Azərbaycanın varlığı, yaşaması, gələcəyi, xalqımızın bir daha əsarətdə yaşamaması, vüqarlı olması, başını dik saxlaması üçün Ulu Öndər Heydər Əliyevin çəkdiyi zəhmət bu gün öz bəhrəsini verir. Əldə edilən möhtəşəm uğurlarımızın elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyev dühasının nişanəsi görünməsin. Məhz bu nişanə Azərbaycanın nüfuzunu getdikcə daha da yüksəldir, Prezident
İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasəti ilə ölkəmiz daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı