Aqrar Biznes Festivalında həmkarlar ittifaqı da iştirak edib

285

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Saatlı rayonunda Aqrar Biznes Festivalı keçirilib.

Festivalda Sabirabad, İmişli, Biləsuvar və digər ətraf rayonlardan olan fermerlər, eləcə də Nazirliyin tabeli qurumları, elmi tədqiqat institutları, özəl şirkətlər, bankların yerli filialları iştirak ediblər.

Yerli fermerlər müxtəlif istehsalçı şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikaları, müasir suvarma sistemləri, toxum, gübrə, pestisid nümunələri ilə əyani tanış olub, texnikaların istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.

Festivalı giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov açaraq ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyindən danışıb, Saatlı rayonunda fəaliyyət göstərən əsasən pambıqçılıq, taxılçılıq və arıçılıq sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Festivalda Aqrar Sahə İşçiləri Həmkarlar birliyinin sədri Fuad Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən, istehsalçı və istehlakçıların görüşlərinin önəmindən söz açıb, həmkarlar ittifaqlarının bu prosesə hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb.