AHİK sədri Səttar Möhbalıyev TOLEYİS-in 15-ci Qurultayında iştirak edib

322

Mayın 25-26-da İstanbul şəhərində Türkiyə Hotel, Restoran, İstirahət Mərkəzləri İşçiləri Həmkarlar İttifaqının (TOLEYİS) 15-ci Qurultayı  keçirilib.

Qurultayda TÜRK-İŞ-in sədri Ərgün Atalay, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, həmçinin Orta Asiya, Avropa və Afrikanın bir sıra ölkələrinin həmkarlar ittifaqlarının sədrləri və nümayəndələri iştirak ediblər.

Qurultay gündəlik təsdiq olunduqdan sonra öz işinə başlayıb.

TOLEYİS Sendikasının sədri Cemail Bakındı çıxış edərək 2023-cü il fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələyə, təbii fəlakətin miqyasına, onun fəsadlarına diqqət çəkib və bu ağrılı, acılı günlərdə Türkiyənin yanında olan, yardım əlini uzadan qonşu, dost ölkələrə təşəkkür edib. Sonra həmin ölkələrin həmkarlar ittifaqı qurumlarının rəhbərlərinə, o cümlədən AHİK sədri Səttar Möhbalıyevə verilən dəstəyə, iştiraka və qardaş mövqeyinə görə mükafatlar təqdim olunub.

Ardınca Cemail Bakındı təmsil etdiyi qurumun tarixi və fəaliyyət göstərdiyi sahələr barəsində məlumat verib. Nəzərə çatdırıb ki, Türkiyə həmkarlar ittifaqı hərəkatında yarım əsrlik tarixə malik TOLEYİS Sendikası özünəməxsus bir inkişaf yolu keçib.

Bildirib ki, həmkarlar ittifaqı hərəkatı bir inam, ümid yeridir. Qəlbən inansanız uğur qazanacaqsınız.

TOLEYİS Sendikasının sədri qlobal həmkarlar ittifaqının üzərinə düşən vəzifə, birgə fəaliyyət, mübarizə yolları haqqında da danışıb.

Tədbirdə AHİK sədri Səttar Möhbalıyevə də söz verilib. O, Azərbaycan və Türkiyə respublikaları arasında bənzərsiz dostluq münasibətlərindən, bütün sahələr üzrə dinamik inkişaf edən əməkdaşlıqdan, qardaş ölkələrin biri-birinə göstərdiyi dəstəkdən, eyni zamanda ölkələrimizin həmkarlar ittifaqları səviyyəsində əlaqələrindən, təşkil olunan qarşılıqlı səfərlərin, imzalanan sənədlərin əhəmiyyətindən bəhs edib. AHİK sədri TOLEYİS-i Türkiyənin ən qabaqcıl həmkarlar ittifaqlarından biri olduğunu, həm  ölkə daxilində, həm də beynəlxalq arenada gördüyü işlər və həyata keçirdiyi tədbirlərin əhəmiyyətini, üzvlərinin mənafeyini layiqincə müdafiə etdiyini, dünya həmkarlar ittifaqları hərəkatında layiqli yer tutduğunu vurğulayıb. TOLEYİS ilə AHİK arasında sağlam iş birliyinə toxunan Səttar Möhbalıyev bunun müsbət nəticələrindən və təcrübə mübadilələrinin önəmindən danışıb. AHİK sədri habelə Qurultayın işinə uğurlar diləyib və qurumun gələcək fəaliyyətinə böyük müvəffəqiyyətlər arzulayıb.

Sonra Qurultayda təşkilati məsələlərə baxılıb, TOLEYİS-in Şurası təsis edilib və tərkibi müəyyənləşib.

Qurultayın ikinci günü – mayın 26-da isə seçkilər keçirilib, Cemail Bakındı iştirakçıların yüksək etimadı ilə yenidən TOLEYİS-in sədri seçilib.