AHİK sədri Səttar Möhbalıyev NİBHİK-nın Şura üzvləri ilə görüşüb

493

Mayın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Neftqaztikinti İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (NİBHİK) Şurasının üzvləri ilə görüşüb.

Qonaqları salamlayan AHİK sədri NİBHİK-nın fəaliyyətini, həyata keçirdiyi layihələri yüksək dəyərləndirib. Bildirib ki, qurum üzv təşkilatlar arasında daimi qarşılıqlı əlaqələrin qurulması, qabaqcıl təcrübə mübadilələrinin aparılması, qlobal həmkarlar ittifaqı və ictimai siyasi platformalarda konsolidasiya edilmiş mövqelərin işlənib hazırlanması və təqdim edilməsi istiqamətində mühüm işlər görür.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan Səttar Möhbalıyev xüsusilə son illərdə ölkəmizdə əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması naminə atılmış addımlardan danışıb. O həmçinin AHİK-in beynəlxalq əlaqələrinə də toxunub. Məlumat verib ki, rəhbərlik etdiyi qurum Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətli Həmkarlar İttifaqları Şurasının üzvüdür, təşkilatların keçirdiyi bütün tədbirlərə dəvət olunur və onların işində fəal iştirak edir.

Səmimi qəbula görə, təşəkkür edən NİBHİK-nın prezidenti Aleksandr Korçaqin Bakıda olmaqdan, şəhərin gözəlliyindən, tarixi-mədəni abidələrindən və insanların qonaqpərvərliyindən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti ilə tanışdır, onlar işlərinə məsuliyyətlə yanaşır və vəzifələrini layiqincə yerinə yetirirlər.

Aleksandr Korçaqin NİBHİK-nın Şura iclasına Bakının evsahibliyindən razılıq edib. O habelə bugünkü Şura iclasında müzakirəyə çıxarılan məsələlər və qəbul olunan qərarlar barədə danışıb, bunun üzv təşkilatlar üçün əhəmiyyətini qeyd edib.

Görüş zamanı həmçinin digər qarşılıqlı maraq doğuran məsələlərdən söz açılıb.

Qeyd edək ki, Neftqaztikinti İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası 18 mart 1992-ci ildə yaradılıb. Konfederasiyada Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan və Ukraynadan 1,5 milyondan çox işçinin maraqlarını təmsil edən sahə həmkarlar ittifaqları birləşir.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev  Neftqaztikinti İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidentidir.