AHİK-də “Sağlam ailə sağlam gələcəyin təməlidir” mövzusunda tədbir keçirilib

464

Mayın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin təşkilatçılığı ilə “Sağlam ailə sağlam gələcəyin təməlidir” mövzusunda tədbir keçirilib.

15 May – Beynəlxalq Ailə Gününə həsr edilən tədbirdə AHİK-ə üzv təşkilatların müvafiq sahə üzrə nümayəndələri, ekspertlər, həmkarlar ittifaqlarının fəal üzvləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov ailə münasibətlərindən, ölkəmizdə bərqərar olan ailə dəyərlərindən, dövlətimizin ailə siyasətindən danışıb.

Bildirib ki, Ulu Öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilməkdədir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Şöbə müdiri deyib ki, Azərbaycan həmkarlar ittifaqlarının ailə münasibətlərində, gender problemlərinin həllində, kişi və qadın hüquqlarının qorunmasında özünəməxsus rolu və zəngin təcrübəsi vardır: “Ailə öhdəlikləri olan işçilər” haqqında BƏT-nin 156 saylı Konvensiyası diqqət mərkəzindədir. Ailənin maraqları nəzərə alınmaqla iş yerlərinin təşkilinə diqqət yetirilir. AHİK Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Sağlam ailə sağlam gələcəyin təməlidir” mövzusuna həsr olunmuş xüsusi bir layihə də həyata keçirib. Birgə səylərlə nəzərdə tutulan kompleks tədbirlərinin təşkili və həyata keçirilməsi ölkə ailələrinin sağlam mühitdə formalaşmasını və ümumilikdə cəmiyyətin inkişafında rolunu yüksəldəcəkdir”.

Sonra AHİK-in Aparat rəhbərinin müavini Qara Ağayev uğurlu ailə modelindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinın Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə  Əliyeva dövlətimizin ailə siyasətinin həyata keçirilməsində Komitənin fəaliyyətindən, AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin sədri Gülər Əsgərova ailə dəyərlərinin qorunmasında və gender bərabərliyi sahəsində həmkarlar ittifaqlarının gördüyü işlərdən, Harmoniya Psixologiya Mərkəzinin əməkdaşı Ülkər Məhərrəmova ailədaxili problemlərdən və boşanmaların artmasının cəmiyyətə təsirindən, Naxçıvan Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin direktoru Günel Nur ailə dəyərlərinin qorunub saxlanılmasında Naxçıvan təcrübəsindən danışıblar.

Vurğulanıb ki, ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda müvafiq qanunlar qəbul edilib. Konstitusiyamızda və Ailə Məcəlləsində ailə üzvlərinin vəzifə və hüquqları təsbit olunub. Həmçinin ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların bütün sahələrdə hüquqlarının müdafiəsi üçün hədəflər müəyyənləşib. Qeyd olunub ki, Аzərbаycаnın Birinci vitse-prezidenti, Hеydər Əliyev Fondunun rəhbəri Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olub.

Azərbaycan qadınlarından da söz açan çıxışçılar əlavə ediblər ki, istənilən sahədə uğur qazanan qadınlar çox gözəl ailə sahibi olmağı və Vətənə layiqli vətəndaşlar yetirməyi bacarırlar. Qadınlarımız arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Onlar dövlətimizin yaratdığı bütün imkanlardan sərbəst istifadə edirlər. Həm Birinci Qarabağ müharibəsində, həm də Zəfərlə başa çatan Vətən müharibəsində Azərbaycan qadını fədakarlıq və şücaət nümayiş etdirib.

Eyni zamanda tədbirdə AHİK-in kişi və qadın bərabərliyi, ailə münasibətlərinin sağlam mühitdə formalaşması və qorunub saxlanılması istiqamətində atdığı addımlardan da bəhs olunub. Deyilib ki, AHİK-də qəbul olunmuş “Gender bərabərliyi konsepsiyası” əsasında uzunmüddətli fəaliyyət proqramları icra olunur, Gender və qadın problemləri üzrə Mərkəz, “Gender bilikləri və texnologiyası məktəbi” fəaliyyət göstərir. Statistikaya əsasən, həmkarlar ittifaqları üzvlərinin ümumi sayında kişilər 47,7 faiz olduğu halda, qadınlar 52,3 faiz təşkil edir. Üzvlərin 18,9 faizi gənclərdir. Onların da yarıdan çoxu, yəni 9 faizdən çoxu gənc qadınlardır və bu xanımlardan da 6,18 faizi bütün səviyyəli rəhbər vəzifələrdə təmsil olunur.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səslənib.