9 May – Faşizm Üzərində Qələbə Günüdür

304

Ana yurda bağlılığı, vətənpərvərliyi, işğalçılara qarşı döyüşkənliyi ilə qəhrəmanlıq salnamələri yaradan müdrik xalqımız bəşəri təhlükələrlə mübarizələrin də önündə gedib. Dünyanın başı üzərini faşizm təhlükəsi alarkən Azərbaycan xalqı qəti mövqe ortaya qoydu, 1941-ci ildə elan edilən səfərbərlik respublikamızda ümumxalq hərəkatı halına gəldi. Təkcə könüllülərin sayı minlərlə idi, kişilərlə yanaşı, qadınlar da cəbhəyə yola düşürdülər.

Müharibə illərində 11 mindən çox azərbaycanlı qadın səfərbərliyə qoşulmuşdu. İkinci Dünya müharibəsində azərbaycanlılar iştirak etdiyi bütün cəbhələrdə igidliyi, rəşadəti, cəsurluğu ilə ad çıxararaq yüksək döyüş ruhu ilə faşizm üzərində qələbədə böyük pay sahibi olublar.

Mübariz xalqımızın 600 mindən artıq qeyrətli oğul və qızı müharibənin aktiv iştirakçısı olub və qeyrət rəmzimizə çevriliblər. Azərbaycanlılardan formalaşmış 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar Qafqazdan başlayaraq Berlinədək şanlı döyüş yolu keçməklə xalqımızın adını İkinci Dünya müharibəsinin qalib xalqları arasına həkk etdiriblər.

Faşizm üzərində qələbədən danışarkən Bakı neftinin əhəmiyyətini qeyd etmək yerinə düşər. Neftçilərimiz qarşılaşdıqları bütün çətinliklərə sinə gərərək fədakarcasına cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə hərəkət edirdi. 1941-1945-ci illərdə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi məhz Azərbaycandan gedirdi. Bir sözlə, İkinci Dünya müharibəsində Azərbaycan bütün imkanları ilə qələbənin qazanılmasına əhəmiyyətli töhfələr verib. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il ölkəmizdə qeyd olunur. Dövlətimizin başçısı cənab İlham Əliyev Qələbə Günündə Həzi Aslanovun, döyüşlərdə iştirak etmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onlarla söhbətləşir, bayram təbriklərini çatdırır. Həmçinin Prezidentimiz onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində sərəncamlar verir.

Qələbə Günü münasibətilə müzəffər xalqımızı təbrik edir, faşizmlə qanlı mübarizədə canından keçən qəhrəman Vətən oğullarına Uca Yaradandan rəhmət diləyirik.