ÜHİK İcraiyyə Komitəsi və Şurasının iclasları keçirilib

426

Aprelin 2-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsi və Şurasının hibrid formatda iclasları keçirilib.

Hər iki tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev, müavini Aqil Dadaşov və Aparat rəhbəri Həsən Cəfərov onlayn qaydada iştirak ediblər.

İcraiyyə Komitəsinin iclasında ÜHİK-ya üzv təşkilatlarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarının ratifikasiyası və onlara riayət edilməsi məsələsinə baxılıb, həmçinin bu istiqamətdə səyləri artırmaq üçün qarşıdakı vəzifələr müəyyənləşdirilib.

Tədbirdə eləcə də 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar ÜHİK-nın bəyanatı qəbul olunub.

Şuranın iclasında isə ÜHİK İcraiyyə Komitəsinin 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər olan dövr ərzində gördüyü işlərlə bağlı hesabat dinlənilib. Hesabat ÜHİK-nın Baş katibi Viktor Pinski tərəfindən təqdim olunub və orada üzv dövlətlərin sosial-iqtisadi vəziyyəti və həmkarlar ittifaqlarının mövqeyi də öz əksini tapıb. Ardınca məruzə ətrafında üzv təşkilatların rəhbərlərinin və nümayəndələrinin çıxışları olub, rəy və təklifləri səslənib. Sonda əmək hüquqlarının qorunması və işçilərin mənafelərinin müdafiəsi ilə bağlı Şuranın qərar və tövsiyələri təsdiqlənib.

Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.