Elmi mərkəzdə hesabat-seçki yığıncağı keçirilib

295

Aprelin 18-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə Şəki REM-in direktoru Yusif Şükürlü, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və ittifaq üzvləri iştirak ediblər.

İclasda Şəki REM-in həmkarlar ittifaqının sədri Aqil Mustafayev ötən dövr ərzində görülən işlər haqqında məlumat verərək hesabatı slayt formasında iştirakçılara təqdim edib.

Təftiş komissiyasının sədri Namiq Abdurahmanovun da hesabatı dinlənilib. Sonra seçkilər keçirilib, yeni tərkib formalaşıb. Açıq səsvermə yolu ilə Aqil Mustafayev ittifaqın sədri, Namiq Abdurahmanov isə Təftiş komissiyasının sədri vəzifələrinə təsdiqlənib.

İclasda çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov Akademiyada və o cümlədən həmkarlar ittifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb. Son illər Akademiya rəhbərliyinin həmkarlar ittifaqının fəaliyyət istiqamətlərinə göstərdiyi diqqəti iştirakçıların nəzərinə çatdırıb. O eləcə də Şəki REM-in həmkarlar ittifaqının da qarşısında duran işlərin əhəmiyyətinə dair fikirlərini bölüşüb.

Şəki REM-in direktoru Yusif Şükürlü isə həmkarlar ittifaqının işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətinin daha aktiv olmasının zəruriliyini vurğulayaraq bundan sonra da onların səyə çalışacaqlarına əminliyini ifadə edib.

Çıxış edənlər professor – Firəddin İbrahimov və Fərhad Əzizov ittifaqın işçilərin hüquqlarını müdafiə edən qurum kimi Mərkəzdə səmərəli fəaliyyətini qeyd ediblər.

Qeyd edək ki, yığıncaqda direktor Yusif Şükürlü və sədr Aqil Mustafayev AMEA Azad Həmkarlar İttifaqının qurultayına nümayəndə seçiliblər.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev siyasi irsinin araşdırılması ilə bağlı elmi əsərlər dosent Sənan Həsənov tərəfindən Mərkəzin kitabxanasına hədiyyə olunub.