Avtomobil nəqliyyatı və yol təsərrüfatı sahəsində hesabat-seçkilər davam edir

373

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə aid olan Göygöl rayonu 2 № Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 24 № Yol İstismarı MMC, Daşkəsən rayonu  31 № Yol İstismarı MMC və Şəmkir rayonu 25 № Yol istismarı MMC-də növbəti  hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinin müavini Qara Ağayev, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini – Təşkilat şöbəsinin müdiri İlqar Hüseynov, mütəxəssisi Rəşad Rzayev və ittifaq üzvləri iştirak ediblər.

Tədbirlərdə komitə və təftiş komissiyalarının hesabatları dinlənilib və hesabat dövründəki fəaliyyət ittifaq üzvləri tərəfindən qənaətbəxş  hesab edilib.

AHİK-in Aparat rəhbərinin müavini Qara Ağayev üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən və üzvlər tərəfindən olunan müraciətlərin qısa müddətdə araşdırılıb müsbət həllinin tapmasından, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri HİRK-in sədr müavini – Təşkilat şöbəsinin müdiri İlqar Hüseynov və mütəxəssisi Rəşad Rzayev işçilərin sağlamlıqlarının qorunması və istirahətinin təşkilindən, onlara göstərilən maddi dəstəklərdən söz açıblar.

İdarənin sədrləri isə çıxışlarında AHİK və Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri HİRK-nın rəhbərliyinə bayram günlərində az təminatlı ailələrə sovqat verdiklərinə görə təşəkkürlərini bildiriblər.

Yığıncaqlarda həmçinin açıq səsvermə yolu ilə həmkarlar ittifaqı komitə və təftiş komissiyalarının tərkibi formalaşıb, sədrlər seçilib.

Sonda AHİK-in Aparat rəhbərinin müavini Qara Ağayev komitə sədri seçilmiş şəxslərə ittifaq üzvlərinin etimadını doğrultmağı, hər zaman işçilərin yanında olmağı, onların əmək hüquqlarının qorunması istiqamətində səylə çalışmağı tövsiyə edib və gələcək fəaliyyətlərinə uğurlar arzulayıb.