Vətən müharibəsinin şəhidi baş leytenant Rövşən Nurzadənin doğum günü münasibət ikinci Fəxri xiyabanda məzarı ziyarət olunub.
Ziyarətdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev və ictimaiyyat nümayəndələri iştirak ediblər.
Şəhidin əziz xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb, ruhuna dualar oxunub. Ziyarət zamanı Sənan Həsənov və Bəxtiyar Nəbiyev şəhidin ailə üzvləri ilə həmsöhbət olub, Vətənimizin başını uca edən qəhrəmanlarımıza ehtiramlarını ifadə ediblər.
Sənan Həsənov AMEA və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyinin şəhid ailələrinə və qazilərə olan maddi-mənəvi dəstəyini qeyd edib, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə qarşıya qoyduqları vəzifələrin icrasının hər zaman önəm kəsb etdiyini bildirib.
Göstərilən diqqət və qayğıya görə şəhidin atası Əli Nur ölkə rəhbərliyinə minnətdarlıq edib.