Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında görüləcək işlər müzakirə olunub

271

Martın 13-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında qarşıda duran hədəf və məqsədlərlə bağlı iclas keçirilib.

İclasda Şuranın sədri Qəzənfər Abdullayev çıxış edərək martın  12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclasında gündəliyə çıxarılan məsələlərlə bağlı məlumat verib.

AHİK sədrinin müavini bildirib ki, Şura tərəfindən vətəndaş qəbulunun təşkili, onları narahat edən problemlərin yerindəcə həll edilməsi, ərizə və şikayətlərə vaxtında baxılması, daxil olan müraciətlərin obyektiv şəkildə hərtərəfli araşdırılması məsələlərinə nəzarət gücləndirilməlidir.

Şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini diqqətə çatdıran Şura sədri qeyd edib ki, martın 14-də AHİK-in dəstəyi ilə Şura tərəfindən  muxtar respublikada yaşayan şəhid və qazi ailələri də daxil olmaqla 1200 aztəminatlı  ailəyə ərzaq yardımı  paylanılacaq.

Həmçinin o da vurğulanıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 16-da yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə Şura əməkdaşları tərəfindən “Darıdağ” ərazisində ağacəkmə aksiyası keçiriləcək və 1000 ədəd ağac əkiləcək.

İclasın sonunda Muxtar respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları ilə bir sıra vacib məsələlərə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.