Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə aqrar sahədə çalışan əməkdaşlar arasında stolüstü tennis turniri keçirilib. İşçilərin asudə vaxtlarının səmərəli təşkili və idman-sağlamlıq vərdişlərini inkişaf etdirmək məqsədilə keçirilən turnirdə Kənd Təsərrüfatı Nazirliyi, Nazirliyin tabeli qurumları, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət ümumilikdə 45 əməkdaş iştirak edib.
Stolüstü Tennis Federasiyasının böyük zalında keçirilən oyunlar beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub.
Daşkəsən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşı Ayxan Vəlicanov bütün rəqiblərinə qalib gələrək birinci yeri, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov 2-ci yeri, Aqrar Sığorta Fondunun əməkdaşı Kamran Quliyev isə 3-cü yeri qazanıb. Qaliblərə və turnirdə fərqlənən iştirakçılara fəxri fərman, pul mükafatı və hədiyyələr təqdim edilib.