AMEA-nın alimləri Nizami Gəncəvinin anım gününə həsr olunmuş konfransda iştirak ediblər

281

Martın 12-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycandan dünyaya doğan əql günəşi ulu Nizami Gəncəvinin anım günü ilə əlaqədar olaraq

“Nə qədər şair var, söz var şeir var

 Dünyada onlardan mənəm yadigar” adlı elmi – bədii konfrans keçirilib. Öncə Gəncə şəhərində ulu Nizaminin məqbərəsi ziyarət olunub, qəbri üzərinə tər çiçəklər düzülüb. Daha sonra Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Könüllü teatr”ın könüllüləri Nizami Gəncəvinin “Xəmsə”sində öz əksini tapmış obrazlardan yeddi gözəl əllərində içərisində Nizami Gəncəvinin hikmətli sözləri olan açıqcalarla qonaqları qarşılayıblar. Daha sonra ekspozisiya zalında şairin yaradıcılığından hazırlanmış nadir əl işləri olan keramika, zərb etmə nümunələri həmçinin Gəncə şəhərində Nizami Gəncəvi ünvanlı abidələrdən ibarət foto sərgiyə baxış keçirilib. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri Samux rayonun Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açaraq iştirakçıları salamlamış ulu Nizami Gəncəvinin söz xəzinəsindən qaynaqlanan konfransın əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov isə dahi Nizami Gəncəvinin  irsinin öyrənməsi istiqamətində ölkəmizdə elmi məktəblərin rolundan danışıb,  son illər AMEA-da Nizamişünaslığın geniş tədqiqat obyektinə çevrildiyini və AMEA rəhbərliyinin bu sahəyə xüsusi diqqətini qeyd edib. Bu zəngin irsin öyrənməsində Heydər Əliyev Mərkəzləri ilə əməkdaşlığın rolu diqqətə çatdırılıb.

2023-cü ildə AMEA-da çap olunmuş elmi əsərlərin hesabatlarından ibarət kitablar mərkəzə təqdim edilib. Daha sonra Azərbaycan Milli Elmler Akademiyası A.A.Bakixanov adına Tarix və Etnologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlham Həsənov çıxış edərək tədbiri Nizami Gəncəvi irsinin  təbliğində mühüm addım adlandırıb və bu istiqamətdə təhlillər aparıb. Tədbirdə digər çıxışlar da dinlənilib.

Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzində yaradılmış “Könüllü teatr”ın 4 illik fəaliyyəti müddətində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş və tamaşaçılara təqdim olunmuş səhnələrdən yığılmış videoçarx təqdim olunub. Tədbirin bədii hissəsində Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqilərimizdən İslam Əlizadənin ifasında “Sənsiz”, Hüseyn Abdullayevin ifasında “Sevgili canan”, həmçinin Fuad Ramazanovun ifasında muğam səsləndirilmiş eyni zamanda İslam Əlizadə və Göygöl Dövlət rəqs ansamblının solisti Aygün Məsimovanın ifasında ” Leyli və Məcnun ” operasından səhnəsi canlandırılıb.

Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tərəfindən tamamilə parçadan hazırlanmış (14m uzunluğunda) portreti nümayiş etdirilib. Ölkəmizdə və dünyada Nizami Gəncəvinin bu böyüklükdə parçadan portreti yoxdur. Portretin bu hündürlükdə hazırlanmasına səbəb ona olan sonsuz sevgini təcəssüm etdirməkdədir.

Tədbir sonunda “açıq mikrafon”la yekunlaşıb ki, açıq mikrafonda bütün tədbir iştirakçıları Nizami Gəncəvinin qəzəllərini və beşlikdə olan əsərin hər hansı bir hissəsini səsləndiriblər.