AMEA-da qadınlar bayramı qeyd olunub

364

AMEA-da Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbirə AMEA-ya daxil olan elmi tədqiqat müəssisələrinin həmkarlar ittifaqlarının sədrləri, AMEA Qadınlar şurasının rəhbərliyi və fəalları, AMEA-da və ölkəmizin elmi-ictimai həyatında fərqlənən gənc alimlər iştirak ediblər.
Əvvəlcə, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri AHİ-nin sədri Sənan Həsənov açaraq AMEA-da keçirilən silsilə tədbirlərdən və Akademiyanın ölkə ictimaiyyəti qarşısında uğurlu hesabatından, AMEA rəhbərliyinin qadın tədqiqatçılara verdiyi qiymətdən danışıb. Cəmiyyətdə və ailədə qadınların rolundan bəhs edən Sənan Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

AHİ sədri AMEA-nın institut və təşkilatlarında qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Son illər qadın tədqiqatçıların əldə etdikləri nailliyyətləri bu qayğının nəticəsi kimi qiymətləndirib. Hazırda da akademiyada çalışan qadınlar mühüm tədqiqatları ilə Azərbaycan elminin inkişafına öz töhfələrini verdiklərini söyləyib.
AMEA Qadınlar şurası sədrinin müavini Mahrux Nəcəfli və Tarix və Etnologiya İnstitutunun Həmkarlar ittifaqının sədri Hacı Həsənov bildiriblər ki, martın 8-i qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Diqqətə çatdırılıb ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, onlar ictimai, sosial-iqtisadi, elmi və mədəni sahələrdə fəal iştirak edirlər.
Qadın hüquqları, gender bərabərliyi və dövlət siyasəti, ictimai təşkilatlarda qadınların fəaliyyət istiqamətləri, idarəetmədə qadınların rolu mövzularında çıxış edən natiqlərdən Vüsala Gülmalıyeva, Hafiza İmanova, İradə Zərqanayeva, Xanımağa İsmayılova, Qətibə Mahmudova və digərləri bildiriblər ki, qalib Azərbaycanın taleyində qadınların roluna dair Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi qiymət onlar üçün əvəzsiz mükafatdır. Bu qiymət Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınına olan sonsuz qayğı və məhəbbətinin bu gündə davam etdiyini göstərir. Azərbaycan qadınının böyüklüyü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti ilə hamıya örnəkdir.
Sonda Akademiyanın elmi və ictimai həyatında fəal iştirakına görə, bir qrup qadın əməkdaşa Azad Həmkarlar İttifaqının fəxri fərmanı təqdim olunub.