AHİK İcraiyyə Komitəsinin iclası keçirilib

382

Martın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə AHİK-in İcraiyyə Komitəsinin və Aparatının 2024-cü ilin I yarımilliyi üçün iş planı, Həmkarlar ittifaqlarının 2023-ci il üzrə statistik hesabatı, ərizə və şikayətlərin təhlili, həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və cari il üçün təhsil planı, həmkarlar ittifaqları idman təşkilatlarının statistik hesabatları, gender statistikası, həmçinin Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin müraciətinə baxılması, eləcə də digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Gündəliyə çıxarılan məsələlərlə bağlı çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb.

Bildirilib ki, 2023-cü ildə AHİK-in Aparatına və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin 99,8 %-i müsbət həll edilib. Müraciətlərə vaxtında verilən cavablara, göstərilən diqqət və qayğıya görə, AHİK-ə 100-dən artıq təşəkkür məktubu daxil olub.

İclasda üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki, həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.

Eləcə də iclasda vurğulanıb ki, həmkarlar ittifaqı üzvlərinin sayında 2022-ci illə müqayisədə ötən il 0,14 % artım olub. Hazırda  işəgötürənlərlə bağlanmış 119 sahə tarif sazişi, dövlət müəssisələrində 10 706  və  qeyri-dövlət müəssisələrində 1 761 kollektiv müqavilə qüvvədədir.

Həmçinin iclasda məlumat verilib ki, 2023-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan kurslara həmkarlar ittifaqlarının 662 kadr və fəalı qatılıb. 2024-cü ildə isə 582 nəfərin Akademiyanın kurslarına cəlb edilməsi nəzərdə tutulub.

İclasda Cəmşid Naxçıvanski adına hərbi liseydə mədəni hamilik üzrə 2019-2023-cü illər ərzində həyata keçirilən tədbirlərin yekunları və 2024-2028-ci illər üçün tədbirlər planı da təsdiqlənib. Qeyd olunub ki, İcraiyyə Komitəsinin 30 mart 2000-ci il tarixli qərarı ilə lisey mədəni hamiliyə götürülüb. Həmin vaxtdan həmkarlar ittifaqları hərbi təhsil ocağında mütəmadi olaraq gəncləri Vətənə ləyaqətli xidmətə həvəsləndirən, stimullaşdıran, səsləyən tədbirlər keçirir. Artıq baxış-müsabiqələr, idman yarışları, əlaçı kursantların mükafatlandırılması, qaliblərə qiymətli hədiyyələrin təqdim edilməsi ənənə halını alıb. İcraiyyə Komitəsinin 15 fevral 2019-cu il qərarı ilə təsdiq edilmiş növbəti tədbirlər planına uyğun olaraq 2019-2023-cü illərdə liseydə 20 tədbir keçirilib. Tədbirlərdə 269 nəfər müsabiqə qaliblərinə nağd pul və qiymətli hədiyyələr təqdim edilib. Hər tədris ilinin sonunda bütün müsabiqə qaliblərinə təntənəli toplantıda şəxsi heyət qarşısında AHİK-in diplomları və sahə üzrə respublika komitələrinin hədiyyələri təqdim olunub.

Daha sonra gündəlikdəki digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr də aparılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda AHİK sədri Səttar Möhbalıyev deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan məsələlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Səttar Möhbalıyev bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.