Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 40 nəfər qazının istirahətini təşkil edib

256

Fevralın 28-29-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə 40 nəfər qazinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.
Mərkəzdə həmçinin “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, Şura Vətən müharibəsi iştirakçıları və qaziləri daim diqqətdə saxlayır. Onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atır.

Vurğulanıb ki, ötən dövr ərzində Şura tərəfindən 32 nəfər qazinin müraciəti dinlənilib və ümumilikdə 5 min manatdan artıq maddi yardım göstərilib. Bir nəfər qazinin isə Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsində məşğulluğu təmin edilib.
Diqqətə çatdırılıb ki, 5-6 mart tarixlərində digər qazilər də Ağbulaq İstirahət Mərkəzində olacaqlar. Ümumilikdə isə 101 nəfər qazinin bu imkandan istifadə etməsi nəzərdə tutulub.
AHİK sədrinin müavini bu cür layihələrin bundan sonra da uğurla həyata keçiriləcəyini bildirib.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov isə qazilərin Şura tərəfindən diqqət və qayğı ilə əhatələnməsinə görə minnətdarlıq edib.
Digər çıxış edənlər isə qazilərə göstərilən maddi və mənəvi dəstəkdən razılıqlarını ifadə ediblər.

Sonda Şahbuz rayon Kolanı kənd Uşaq Musiqi Məktəbinin Musiqi kollektivi konsert proqramı ilə çıxış edib.