İlham Əliyevin yeni inkişaf prioritetləri

524

Tarix 14 fevral 2024-cü il…
Qüdrətli Azərbaycanın şanlı tarixində yeni səhifə açılır…
Müstəqillik dövrünün 9-cu prezident seçkilərində hər zaman güc aldığı xalqdan növbəti dəfə etimad mandatı qəbul edən cənab İlham Əliyevin Azərbaycana layiqli xidmət missiyasının yeni mərhələsi başlayır… 

Möhtərəm Prezident tarixinin ən qüdrətli dövlətinə çevirdiyi Azərbaycanın Konstitusiyasına, müqəddəs “Qurani-Şərif”ə and içərək bəyan edir ki, bütün dövrlərdə olduğu kimi dövlətin Ana Qanununa əməl edəcək, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qoruyacaq və xalqa ləyaqətli xidmət missiyasını şərəflə həyata keçirəcək, xalqımızın əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacaq, onları daim uca tutacaq!
Ümumiyyətlə, cənab İlham Əliyevi həm xalqına, həm də dünyada sevdirən ən mühüm amil verdiyi sözə, vədə sadiqliyidir. Prezidentimizin sözü imzası qədər keçərlidir və bu günədək reallaşdırmadığı söz, vəd qalmayıb.
Andiçmə mərasimində Azərbaycanın daha böyük zəfərlərə doğru inamla irəliləyəcəyini söyləyən möhtərəm Prezident növbəti 7 illik fəaliyyətində də ölkə vətəndaşının maraqlarının, onun rifahının daim diqqət mərkəzində olacağını, yaşayış səviyyəsinin daha da yaxşılaşacağını söylədi.
Adı tariximizin qızıl səhifəsinə qalib xalqın qalib Lideri kimi yazılan cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqi həm də çox mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı dərin məzmunlu nitqində bir çox məqamlara aydınlıq gətirdi, Azərbaycanın qarşısında duran yeni hədəflərdən, nəhəng iqtisadi layihələrdən, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açdı, şanlı Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı, yeni prioritetlərin yol xəritəsini təqdim etdi.

Xalqın birmənalı etimad ünvanı

Zəfər seçkisi milli və siyasi həmrəyliyin təntənəsi kimi tarixə yazıldı. Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli məzunu kimi cənab İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi bir çox məna kəsb etmiş oldu.
İlk növbədə dünya şahidlik etdi ki, bir xalq onun xilaskarı olan liderə necə etimad göstərir, inanır və güvənir. Fevralın 7-də keçirilən azad, demokratik və tam şəffaf seçkilərdə seçicilərin mütləq əksəriyyətinin – 4 milyon 567 min 458 nəfərin (92,12 faiz səs) cənab İlham Əliyevə etimad mandatı verməsi bunun bariz təcəssümüdür.
Cənab İlham Əliyevin Zəfər seçkilərində digər namizədlər arasında səs fərqinin 40 dəfədən çox olması isə onu göstərdi ki, xalq xoşbəxt gələcəyini yalnız cənab İlham Əliyevdə görür.
Cənab İlham Əliyevin qələbəsinə beynəlxalq ictimaiyyətin, xüsusən də böyük dövlətlərin rəhbərləri tərəfindən verilən qiymət də bir daha göstərdi ki, yorulmaz əzmlə Vətəninin, xalqının rifahı uğrunda çalışan, mübarizə aparan, hər kəlməsi, addımı və əməli ilə millətinə uğurlar, qələbələr bəxş edən cənab İlham Əliyev tarixin Azərbaycana bəxş etdiyi ən böyük mükafatdır.
Bunu dünya liderlərinin bir neçəsinin möhtərəm Prezidentimizə ünvanladığı təbrik məktublarındakı dəyərli fikirlər də təsdiqləyir:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub”.
Çin Xalq Respublikasının Sədri Si Cinpin: “Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək”.
Rusiya Prezidenti Vladimir Putin: “Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir”.
Belarus Prezidenti Aleksandr Lukaşenko: “İyirmi il ərzində Sizin qətiyyətiniz, yüksək siyasi mədəniyyətiniz, xalqınızın səsini eşitmək bacarığınız sayəsində dünyada rəyi ilə hesablaşılan güclü, müstəqil dövlət qurulmuşdur”.
Serbiya Prezidenti Aleksandar Vuçiç: “Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür və Sizin strateji siyasətiniz, sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: “Bu gün Sizin – öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır”.
Dünya liderlərinin cənab İlham Əliyevə ünvanladıqları təbrik məktubları bir daha göstərir ki, Azərbaycan Prezidenti sözün əsl mənasında qlobal lider kimi qəbul edilir və Avropada ən arzuolunan dövlət başçısı kimi yüksək nüfuza sahibdir. Seçkilərdə inamlı qələbə isə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə cənab İlham Əliyevin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyi misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Zəfər Komandanının Xankəndi mesajı 

Möhtərəm Prezident Milli Məclisdə keçirilən andiçmə mərasimində Xankəndidə səs verməsinin səbəbini açıqladıqda nəinki biz deputatların, bütün dünya azərbaycanlılarının ürəyi dağa döndü.
Cənab İlham Əliyev dedi ki, Azərbaycanın istənilən yerində səs verə bilmək imkanına malik olsa da, Xankəndidə səs verməyi daha düzgün addım hesab edib. Çünki dünya erməniliyinin məhv edilmiş 200 illik məkrli planlarının ssenarilərinə əsasən, məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlayıb. Məhz Xankəndidə səs verdiyi binada xalqımıza qarşı soyqırımı planlaşdırılıb və oradan idarə olunub. Məhz səs verdiyi binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddialarını irəli sürüb. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilib və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq olub. Otuz il bu yurd yerlərimizi işğal altında saxlayıb xarabalığa çevirən şeytanlar sonunda elə bir zərbə aldılar ki, bir də çətin özlərinə gələrlər. Çünki Zəfər Komandanı onların 200 illik xülyasını məhv edib. Xankəndidə seçki qutusuna atılan bülleten isə möhtərəm Prezidentimizin təbirincə desək, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi…
Prezident İlham Əliyevin dünyaya verdiyi mesajlar da olduqca açıq idi. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycanın siyasəti tam müstəqil, milli maraqlara söykənən siyasətdir və ondan qəti surətdə geri çəkilməyəcək, heç kimə heç bir güzəşt  olmayacaq.
Cənab İlham Əliyevin xalqın birmənalı dəstəyi ilə həyata keçirdiyi siyasətinin mahiyyəti məhz budur və biz bununla ancaq qürur duya bilərik. Məhz bu siyasət Azərbaycanı cəmi 20 ildə tarixinin ən qüdrətli dövlətinə çevirib. Azərbaycan 20 ildə iqtisadi cəhətdən bəlkə də bir çox dövlətin 100 ildə əldə edə bilmədiyi uğurlara imza atıb. Cəmi 20 ildə iqtisadiyyatımızın inkişaf tendensiyasına nəzər salsaq görərik ki, 20 il öncə ölkə üzrə ÜDM istehsalının dəyəri 7 milyard dollar idisə, keçən il bu rəqəm 72 milyard dollara bərabər olub. Bu illər ərzində valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 69,5 milyard dollaradək artıb. Mühüm fakt isə ondan ibarətdir ki, xarici borcumuz gəlirlərimiz və valyuta ehtiyatlarımızla müqayisədə çox aşağıdır. Bu, ölkəmizin maliyyə sabitliyinin əsas göstəricilərindən biri olmaqla yanaşı, iqtisadi müstəqilliyimizi özündə əks etdirən mühüm amildir. Təsəvvür edin ki, 69,5 milyard dollar valyuta ehtiyatı olan, 72 milyard dollarlıq ÜDM istehsal edən ölkəmizin xarici borcu cəmi 6,4 milyard dollardır. Bu rəqəm inkişaf etmiş bir çox xarici ölkədə 100, hətta 140 faiz də təşkil edir. Ancaq ölkəmizdə bu rəqəm ümumi daxili məhsulun 9 faizindən də azdır.
Ölkəmizdə iqtisadi dinamika yüksək olaraq qalır. Bu ilin ilk ayında ÜDM istehsalı 5 faiz, o cümlədən qeyri-neft sektorunda 12 faizdən çox artıb. Bu onu göstərir ki, iqtisadiyyatımız sağlam təməl üzərində qurulduğundan qarşıdakı illərdə göstəricilərimiz daha yüksək olacaq. Dövlətimiz inkişaf etdikcə, onun maliyyə imkanları artdıqca əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq imkanı yaranır.
Prezident İlham Əliyev andiçmə mərasimində əhalinin sosial vəziyyəti istiqamətində görülən işlər barədə danışarkən dedi ki, sosial sahədə görülmüş işlər göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idisə, indi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və bu, davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. 2003-cü ildə yoxsulluq 50 faiz idisə, bu gün cəmi 5 faiz səviyyəsindədir.
Hazırda ölkə qarşısında duran əsas məsələlərdən biri işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini davam etdirmək, oradan məcburi köçkün düşmüş soydaşlarımızın ləyaqətlə geri dönüşünü təmin etməkdir. Artıq 5400 keçmiş məcburi köçkün hər cür şəraiti olan evlərə köçürülüb. Cari ilin sonuna qədər yenidən qurulmuş 20 yaşayış məntəqəsinə soydaşlarımızın qayıtması planlaşdırılır. Onlar 5 şəhər və 15 kənddə məskunlaşacaqlar. Ümumilikdə isə Böyük qayıdış proqramının birinci mərhələsində, yəni 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımızın dədə-baba yurduna dönüşü proqnozlaşdırılır. Bu səbəbdən bölgədə paralel olaraq geniş sosial infrastruktur layihələri icra edilir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda xəstəxanalar, məktəblər, idman və infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü tikilir. Ən əsası isə buraya qayıdacaq insanlar üçün hər cür şəraiti olan yaşayış evləri və binaları inşa olunur.
İşğaldan azad olunan ərazilər ölkəmizin iqtisadi inkişafına yeni güc qatacaq. Burada kənd təsərrüfatı, sənaye və turizmin inkişafı üçün geniş imkanlar var. Bu, eyni zamanda doğma yurdlarına dönən insanların məşğulluğunun təmin edilməsində önəmli rol oynayacaq. Dövlət başçısının dediyi kimi, ölkəmizdə başlanan yeni dönəmdə işğaldan azad olunan ərazilər ümumi inkişafa əlavə imkanlar qazandıracaq.

Yeni dövr – əsas istiqamətlər və hədəflər

Əlbəttə ki, bütün bu uğurlar Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib. 20 il ərzində kosmik dövlətlər sırasına daxil olan, regionda multikulturalizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən Azərbaycan cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha da qüdrətli dövlətə çevrilmək istiqamətində inamla addımlayır.
Dövlətimizin başçısı yeni dövrdə qarşıya qoyulan hədəfləri, prioritet istiqamətləri açıqlayaraq həm görüləcək işlərin anonsunu verdi, həm də tapşırıqlarını çatdırdı.
Prezident dedi ki, indi yeni dövr başlayır. Azərbaycan bu dövrə alnıaçıq, üzüağ, başıdik daxil olur. Əlbəttə ki, bu dövrün böyük nailiyyətləri olacaq, buna şübhə yoxdur. Çünki son illərin tarixi onu göstərir ki, cənab İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr icra edilib. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava dövləti daha da gücləndirir.
Prezidentin haqqında danışdığı hədəflərdən ən birincisi hərbi, təhlükəsizlik məsələləri, o cümlədən hərbi sənayenin daha da genişləndirilməsidir. İkinci sırada milli-ideoloji məsələlərdə vahid mövqeyin qorunması, milli ənənələrə, dəyərlərə sadiq nəsillərin yetişdirilməsi gəlir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində işlərin intensivləşdirilməsi, bölgənin geosiyasi landşaftının dəyişdirilməsi, infrastruktur quruculuğu, keçmiş köçkünlərin doğma yurdlarına qaytarılması prosesinin davam etdirilməsi qarşıdakı hədəflərdəndir.
Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün də Müzəffər Ali Baş Komandanın  tapşırıq və göstərişləri ilə yeniliklər həyata keçirilir. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Akıncı” hücum PUA-larının Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi də bunun tərkib hissəsidir.
Yəni bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, müasir silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir.
Zəfər Komandanı elə ordu yaradıb ki, özünün də dediyi kimi, heç kim Azərbaycana sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verilməsi – “Qisas” əməliyyatı  düşməni bir daha cəzalandırdı. Bu bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, Azərbaycanın qarşısında heç kim dura bilməz. Ermənistanın nə qədər havadarı olsa da, heç kim bizi dayandıra bilməz. Azərbaycanın siyasəti beynəlxalq hüquqa əsaslanır.
Azərbaycan çox güclü hərbi sənaye kompleksi yaradır, artıq bunun birinci mərhələsi başa çatıb. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə cari ildə bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və Azərbaycan özünü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcək, daha böyük həcmdə ixrac edəcək.
Müzəffər Ali Baş Komandan eyni zamanda sərhədlərimizin qorunmasını qarşıya önəmli vəzifə kimi qoyaraq tapşırıq verdi ki, sərhədlərimizi daha da güclü qorumalıyıq. Düzdür, bu istiqamətdə önəmli addımlar atılıb.
Prezidentin qarşıya qoyduğu vəzifələrdən biri də təhlükəsizlik tədbirlərinin görülməsidir. Bu gün özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən, həm də ideoloji risklərdən qorumalıyıq. Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşılmalıdır. Dövlət başçısı bu məsələni də əsas vəzifələrdən biri kimi qarşıya qoydu.
Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Artıq 3 ildən çoxdur ki, bu ərazilərdə görülən işlər o torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması tarixdə görünməmiş hadisədir. Böyük qayıdış davam edir və bu ilin sonuna qədər azad edilmiş torpaqlarda 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirmək nəzərdə tutulur.

Heç kimdən xahiş etməyən qlobal lider 

Azərbaycan  güclü və özünü təmin edən regional aktor qismində yeni dövrə qədəm qoyur. Hər zaman tam müstəqil siyasət yürüdən və məhz bu səbəbdən də etibarlı tərəfdaş statusuna sahiblənən Azərbaycan xarici siyasət kursunu davam etdirməlidir. Məhz bu xarici siyasət Azərbaycanın nüfuzunu gündən-günə yüksəldir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qitənin enerji xəritəsini tamamilə dəyişib. Bütün bunlar İlham Əliyevin müəllifi olduğu qlobal layihələrin hesabına reallaşıb.
Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın xarici siyasəti bundan sonra da çox aydın və açıq olacaq. Çünki indiyədək möhtərəm Prezidentimizin yürütdüyü siyasət dünya ictimaiyyəti tərəfindən bəyənilir, dəstəklənir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Avropanın lider ölkələrinin rəhbərləri özləri etiraf edirlər ki, bu gün dünya siyasətçiləri, dövlət başçıları beynəlxalq tədbirlərdə cənab İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar.
Elə fevralın 16-18-də Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi, bu mühüm toplantıda iştirakı, konfrans çərçivəsində bir çox dövlət liderinin xahişi ilə keçirilən görüşlər bir daha sübut edir ki, dünya ölkələri, böyük iqtisadi təşkilatlar Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir, cənab İlham Əliyevi sözünün sahibi, etibarlı tərəfdaş və ən önəmli lider hesab edirlər.  Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu  tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdıqları ən mühüm platformalardan biridir.  Azərbaycan müntəzəm şəkildə bu platformaya cənab İlham Əliyevin şəxsində dəvət alır, dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz dəyərli fikirlərini bölüşür. Prezident İlham Əliyev üç gün qarşı tərəflərin müraciətlərinə əsasən, 23 mühüm görüş keçirib. Bu görüşlər haqqında qarşı tərəfin müraciətləri və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir. Görüşlərin intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq çox olması ilə bağlıdır.
Bütün bunlar cənab İlham Əliyevin 20 ildə həyata keçirdiyi xarici siyasətin aynasıdır. Hər kəs qlobal liderlə görüşmək istəyir. Amma Azərbaycan Prezidenti heç kimdən nəsə xahiş etmir. Özünün də dediyi kimi, 20 ildən çoxdur ki, prezident kimi heç kimdən heç nə xahiş etməyib. Çünki buna ehtiyac da olmayıb. Azərbaycan özünü tam təmin edən ölkədir. Azərbaycan hər zaman ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır və xarici siyasəti də buna hesablanıb – bərabərhüquqlu münasibətlər, qarşılıqlı hörmət, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, Azərbaycanın prinsipləridir və bu prinsipləri cənab İlham Əliyev diktə edib və qəbul etdirə də bilib.
Qarşıdakı prioritetlərə gəlincə isə cənab Prezident dedi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.
Cənab Prezident bəyan etdi ki, Azərbaycan dünyanı narahat edən problemlərin həllində daha fəal olacaq. Nəzərə alsaq ki, ölkəmiz COP29-un ev sahibi və sədri olacaq, eyni zamanda dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmaq vacib şərtlərdən biridir. Neokolonializmi Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. Azərbaycana qarşı atılan addımlara adekvat addım atılacaq, ölkəmizə qarşı məkrli planlar hazırlayanlar peşman olacaqlar. Çünki Azərbaycana qarşı istənilən çirkin kampaniya hər zaman bumeranq effekti verib.

Peşəkar komanda

Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, ölkəmiz üçün yeni dövr başlayır. Azərbaycan bu yeni mərhələyə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, güclü, sözün həqiqi mənasında müstəqil siyasət yürüdə bilən və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunan dövlət kimi qədəm qoyur.
Artıq “Dağlıq Qarabağ” adlı problemimiz yoxdur, Qarabağın üzərindən “dağ” götürülüb. İndi yeni hədəflərimiz, daha böyük planlarımız var. Möhtərəm Prezidentimizin çıxışının sonunda səsləndirdiyi fikirlər hər birimizə qürur, fəxarət hissi yaşatdı: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
Bu tarixi, möhtəşəm fikirləri eşitmək üçün tam bir qərinə gözlədik, səbir etdik. Allahın Azərbaycan xalqına nəsib etdiyi Xilaskar Liderin yaratdığı güc hesabına xalqın otuzillik həsrəti, dünya ermıniliyinin isə ikiəsrlik avantürası sona çatdı.
Andiçmə mərasimindən sonra Prezident Nazirlər Kabinetinin yeni tərkibini müəyyənləşdirdi. Dövlət başçısı tərəfindən Milli Məclisə Baş nazir Əli Əsədovun yenidən bu vəzivəyə təyinatı ilə bağlı daxil olan müraciətinə ali qanunverici orqan müsbət cavab verdi. Bu, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Baş nazir təyin edilməklə böyük etimad qazanan hörmətli Əli Əsədovun 5 illik fəaliyyətinə həm dövlət başçısının, həm də parlamentin verdiyi yüksək qiymət idi. Əminliklə söyləmək olar ki, Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində fəaliyyətini layiqincə davam etdirəcək.
Bu bir həqiqətdir ki, son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, qazanılan böyük Zəfərin, uğurlu daxili və xarici siyasətin ən böyük dəstəkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Məhz əldə olunan uğurlarda ölkənin birinci xanımının əvəzsiz xidmətləri var. Mehriban xanım Əliyevanın dövlət başçısının ən sadiq silahdaşı kimi göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın gördüyü işləri təhlil etsək, əminliklə deyə bilərik ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Əminliklə deyə bilərik ki, qarşıdakı 7 ildə də Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi İlham Əliyevin həyata keçirəcəyi tam müstəqil siyasətin, yeni-yeni Zəfər salnamələrinin ən böyük dəstəkçisi olacaq. Tarixinin ən qüdrətli Azərbaycanı isə cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında möhtəşəm nailiyyətlərə imza atacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, 
Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti 21.02.2024-cü il