Həmkarlar ittifaqları tərəfindən qazilərə diqqət artırılır

383

Fevralın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov və Birliyin bir neçə üzvü ilə görüşüb.

Görüş zamanı Şura sədri bildirib ki, bu gün dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biri Vətənimizin bütövlüyü və dövlətimizin suverenliyi uğrunda mübarizə aparmış qazilərin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Şura da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdədir.

Görüşdə AHİK sədrinin müavini qeyd edib ki, bu cür tədbirlərin davamı kimi Şuranın maddi dəstəyi ilə 28-29 fevral və 5-6 mart tarixlərində “Naxçıvan Qaziləri” İctimai Birliyinin ümumilikdə 101 üzvünün Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil ediləcək. “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov və qazilər diqqətə görə minnətdarlıq ediblər.