Baytarlıq Elmi Tədqiqat İnstitutunun kollektivi ilə görüş olub

340

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov Baytarlıq Elmi Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb.
Görüşdə həmkarlar ittifaqlarının əmək hüquqlarının qorunması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, həmçinin üzvlərin istirahətinin təşkili, sağlamlıqlarının bərpası və qorunması üçün atdığı addımlardan danışılıb. Birliyin sədri Fuad Məmmədov bildirib ki, üzvlərimizin əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi həmkarlar ittifaqlarının əsas funksiyasıdır. Onun sözlərinə görə, üzv təşkilatlarda milli və dövlət bayramlarının, mədəni-kütləvi tədbirlərin təşkilinə, qabaqcıl işçilərin yubileylərinin keçirilməsinə həmkarlar ittifaqlar öz dəstəyini verir.
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə kollektivin bütün gənc əməkdaşlarını təbrik edən Birliyin sədri dövlətimizin gənclərə olan diqqət və qayğısından danışıb. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi: “Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci ildə imzalanmış Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir”.
“Prezident İlham Əliyev gənclərin vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial vəziyyətinin yüksəlməsinə daim diqqət yetirib. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunub. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabit ölkədə yaşayır”, – Fuad Məmmədov əlavə edib.
İnstitutun direktoru Siyalə Rüstəmova isə çıxışında həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə son dövlərdə gördüyü işləri məmnunluqla xatırladıb.
Sonda İnstitutun həmkarlar ittifaqının sədri Eldar Kosayev səmərəli fəaliyyətinə və 70 illik yubileyi münasibətilə Birliyin Fəxri fərmanı ilə təltif olunub.