Yüksəlişin Naxçıvan nümunəsi

497

Heydər Əliyevin xilaskarlığı ilə blokadadan inkişafa çıxan muxtar respublika İlham Əliyevin liderliyi sayəsində modern intibahın təntənəsini yaşayır

Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək yolunun üzərində yerləşən qədim yurdumuz Naxçıvanda möhtəşəm təntənə yaşanır. Modern inkişafının yeni dövrünə qədəm qoyan muxtar respublika 100 illik yubileyini qeyd edir.
Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamda vurğulandığı kimi, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb.

Prezidentin yubiley töhfəsi

Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olub, islam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapıb. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulan memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.
Sənəddə həmçinin qeyd edilir ki, strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarıb, ölkəmizin müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.
Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvanın da hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 5-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamı isə Naxçıvanın yeni mərhələdəki tərəqqisinin yol xəritəsi hesab edilir. Məhz bunun nəticəsidir ki, hazırda muxtar respublika dövlət proqramları və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.
Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji” zonası elan olunub.

Tarixin izi ilə 

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaradıb. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi, Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoyub. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb.
Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol keçib, gərgin siyasi mübarizələr meydanı olub, lakin bütün bunlara baxmayaraq, xalqımızın zəngin tarixi-mədəni irsini və dövlətçilik ənənələrini qoruyub yaşadıb, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına mühüm töhfələr verib.
103 il öncə, 1921-ci il oktyabrın 13-də imzalanmış tarixi Qars müqaviləsi isə Naxçıvanın Azərbaycanın tərkibində qalmasını təmin edən tarixi-hüquqi sənəd oldu. Bu sənədin imzalanması və Naxçıvana muxtariyyət statusunun verilməsi də dövlətçilik tariximizdə vacib mərhələdir. Qars müqaviləsi böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin məntiqi nəticəsidir. Ona görə də bu müqavilədən danışarkən, ilk növbədə, onun hansı zərurətdən imzalanmasına və tarixi-siyasi əhəmiyyətinə diqqət yetirmək lazımdır.
Bu müqavilə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanıb. Məhz bu müqavilə Cənubi Qafqazın o dövr üçün mənzərəsini açıq şəkildə ortaya qoyaraq mühüm bir tarixi mərhələ yaradıb. 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.
Bununla da Qars müqaviləsi Naxçıvanın ərazisini və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddədə yazılır: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Qardaş Türkiyə də Qars müqaviləsini imzalamaqla xarici siyasətində növbəti qələbə əldə edir. Mustafa Kamal Atatürk bunu belə dəyərləndirir: “Azərbaycan, Gürcüstan, Ermənistan sovet respublikaları ilə Moskva müqaviləsinin əsasları çərçivəsində Qarsda 13 oktyabr tarixli müqavilə imzaladıq. Bu müqavilə ilə Şərqdə hüquqi bir şəkil alan indiki vəziyyətimiz Sevr müqaviləsinin tətbiqinin qeyri-mümkün olduğunu göstərən reallıqlardan biridir”.
Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılır.
Əlbəttə ki, Naxçıvanın statusunun beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir.
Lakin Qars müqaviləsindən və muxtariyyət statusundan sonra da Ermənistan müəyyən bəhanələrlə Naxçıvana qarşı ərazi iddialarını davam etdirib. Sovetlər Birliyi dövründə Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş bir sıra kəndləri Ermənistan tərəfindən qanunsuz olaraq zəbt olunub. Sovetlər Birliyi dağıldıqdan sonra isə Ermənistan Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını müharibə yolu ilə gerçəkləşdirməyə başlayıb, əsrin əvvəllərində Qars müqaviləsi ilə üzərinə götürdüyü hüquqi və siyasi öhdəliyə məhəl qoymayıb. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi isə muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən qoruya bilib.

Xilaskarlıq və qurtuluş missiyası 

100 illik yubileyini qeyd edən muxtar respublikanın tarixinə qısa nəzər yetirsək görərik ki, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan amili xüsusi rol oynayıb. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş edib. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib.
Muxtar respublikanın 50 illik siyasi dövrü məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Xüsusilə, Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvanda olması, nəinki Naxçıvanı, eləcə də Azərbaycanı böyük bir təhlükədən xilas edib.
Öncə onu vurğulayaq ki, hələ sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər respublikanın, o cümlədən Naxçıvanın həyatında yüksəliş dövrü olub. 1970-1980-ci illərin əvvəllərində Naxçıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük dirçəliş baş verib. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilib.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. 1969-cu ildən başlanan kompleks quruculuq işləri nəticəsində muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olundu, emal və hasilat şəbəkəsi genişləndi. Naxçıvan şəhərində şüşə və alüminium qablar zavodları, alt trikotaj fabriki, tütün-fermentasiya və ət-süd kombinatları, Ordubad və Şərur rayonlarında konserv zavodları tikilərək istismara verildi. Ümumilikdə, regionun inkişaf perspektivlərini artırmaq məqsədilə 250-dən çox müxtəlif təyinatlı müəssisələr yaradıldı, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olundu, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində 35 min kvadratmetr yaşayış sahəsi istifadəyə verildi. Muxtar respublikanın şəhər, rayon və kəndlərində məktəb binaları, xəstəxanalar, suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə 20-dən artıq su anbarı tikildi. Bir sözlə, muxtar respublika inkişaf dövrünü yaşayırdı.
Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ermənilərin respublikamızdan, o cümlədən Naxçıvandan yeni ərazilər qoparmaq planları baş tutmadı. Lakin Heydər Əliyev Azərbaycan rəhbərliyindən getdikdən sonra 1985-ci ildə bu bədnam niyyət baş tutdu: digər Azərbaycan əraziləri ilə birlikdə Naxçıvanın da bir qisim torpaqları Ermənistan SSR-ə verildi.
1987-ci ildə Heydər Əliyev SSRİ-nin ali rəhbərliyi sıralarından uzaqlaşdırıldı. Bu addımın siyasi mənasını Azərbaycanın ozamankı rəhbərliyi dərk edə bilmədi. Tarix isə öz işini gördü. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından dərhal sonra Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda aqressiv separatçılıq hərəkatı başlandı. Bunun ardınca SSRİ rəhbərliyinin hərtərəfli kömək göstərdiyi Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı.
Əfsuslar olsun ki, Heydər Əliyevin Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşandı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etdi və muxtar respublika üçün çox ağır dövr başladı. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü oldu. Xoşbəxtlikdən yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bildilər.
Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, muxtar respublikanın taleyi yəqin ki, çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı.
Ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirməyə başlamışdılar. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı ilk növbədə işğaldan qorudu.
Ümummilli Liderimizin Naxçıvanın blokadadan çıxarılması üçün atdığı ilk addımlardan biri qardaş Türkiyə ilə əlaqələrin qurulması oldu. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin “Bir millət, iki dövlət” fikirlərinin reallığa çevrilməsi mərhələsi başlandı. Dahi şəxsiyyət 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı, Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı.
Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verildi. Körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanıldı. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verib, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirdi.
Ümummilli Lider körpünün açılması zərurətini belə xarakterizə edib: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.
Ulu Öndərin təşəbbüsü ilə yaradılan “Ümid körpüsü” iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Çünki Türkiyə-Azərbaycan və Naxçıvan əlaqələrinin müasir səviyyəsi, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən məhz “Ümid körpüsü”nün əhəmiyyəti xüsusi vurğulanır. Bu körpü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olub.
Naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və erməni işğalçılarına tutarlı cavab verdilər. Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün əlverişli imkan yaratdı.
Ulu Öndərin misilsiz xidmətləri sayəsində Naxçıvanda inqilabi dəyişikliklər baş verdi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, millətinə nə qədər bağlı olduğunu göstərdi. Bu isə o demək idi ki, Ulu Öndər üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Bütün bunların fonunda Naxçıvan ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoydu.
Bir sözlə, dahi rəhbərin həmin illərdə milli müstəqillik yolunda atdığı addımlar Naxçıvanı qorumaqla yanaşı, həm də, bütövlükdə, Azərbaycan xalqının qurtuluş tarixinin əsasını qoymuş oldu.

Türk-islam dünyasının mədəniyyət və əməkdaşlıq mərkəzi

Ulu Öndər Heydər Əliyevin muxtar respublikanın inkişafına göstərdiyi xüsusi diqqət hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.
Dövlət başçısının regionun geosiyasi vəziyyətini, xüsusi çətinliklərini nəzərə alaraq, Naxçıvana daim böyük diqqət və qayğı göstərməsi muxtar respublikadakı inkişafı ardıcıl olaraq stimullaşdırır. Naxçıvandakı hərtərəfli inkişaf həm də cənab Prezidentin yorulmaz fəaliyyətinin və məqsədyönlü yüksəliş strategiyasının qanunauyğun nəticəsidir. Eyni zamanda Naxçıvan əhalisinin dövlətçilik və quruculuq proseslərində yorulmadan fəal iştirakı da Naxçıvanın yüksəlişini təmin edir.
Naxçıvanın bugünkü inkişafını Prezident İlham Əliyev belə dəyərləndirib: “Naxçıvan Muxtar Respublikası inkişafa görə Azərbaycanda lider mövqedədir”.
Bu, Naxçıvanda gedən proseslərin, görülən işlərin məcmusudur. Müasir inkişafın ən yaxşı nümunələrini yaradan Naxçıvan Prezident İlham Əliyevin inkişaf siyasətini möhtəşəm şəkildə reallaşdırır. Dövlət başçısının Naxçıvana hər səfərində muxtar respublikada yeni-yeni istehsal müəssisələri, hərbi təyinatlı obyektlər, yol-nəqliyyat insfrastrukturlarının açılış mərasimləri olur.
Məhz dövlət başçısının diqqət və qayğısı sayəsində Naxçıvanda cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsasları yaradılıb. Qədimliyini, tarixiliyini qorumaqla müasirliyə doğru irəliləyən muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində reallaşdırılan mütərəqqi islahatlar, inşa olunan sosial-iqtisadi obyektlər, təhsil, səhiyyə ocaqları, sənaye müəssisələri əhaliyə xidmət edir.
Naxçıvan həm də türk-islam mədəniyyətinin paytaxtı kimi tanınır. Əgər Ulu Öndər Heydər Əliyevin türk xalqları arasında əməkdaşlıq platformasına çevirdiyi “Ümid körpüsü” üzərində müstəqil türk dövlətlərinin mütəşəkkil birliyinin əsası qoyuldusa, Prezident İlham Əliyev Naxçıvanı türk dünyasının əməkdaşlıq mərkəzi statusuna sahibləndirdi.
Avrasiyada yeni güc mərkəzi kimi tanınan Türk Dövlətləri Təşkilatının (yaradılarkən adı “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası” idi) 15 il öncə, 2009-cu ildə yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi də, bu qədim Azərbaycan yurdunun türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malik olduğunu göstərir.
Naxçıvanın 2018-ci ilin Gənclər paytaxtı seçilməsi burada insan resurslarının sürətli artımı ilə bərabər, həm də ölkəmizin yeni nəsillərinin inkişafına yaradılan geniş imkanları da nümayiş etdirirdi. Eyni zamanda İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdi.
Naxçıvanın İslam mədəniyyətinin və gənclərin paytaxtı olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillərarası qırılmaz mənəvi bağlar deməkdir. Hər iki status qoca Şərqin qapısı olan Naxçıvanın qədim tarixinin, özünəməxsus mənəvi dəyərlərinin, füsunkar təbiətinin, müasir inkişaf tarixinin tanıdılması, müasir şəhərsalma mədəniyyəti və memarlıq üslubuna malik olan muxtar respublikanın turizm potensialının nümayişi baxımından yeni imkanlar yaradıb.
İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimiz isə yeni reallıqlar formalaşdırdı. Qürur hissi ilə qeyd edə bilərik ki, Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında digər bölgələrdə olduğu kimi, respublikamızın Ermənistanla ən böyük sərhədə malik bölgəsi olan Naxçıvanın da qəhrəman övladları yüksək rəşadət nümayiş etdiriblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları işğal altında olan rayonlarımızın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı olan – əzəli torpağımız Şuşanın azad olunmasında əsl qəhrəmanlıq şücaəti göstəriblər. Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər Naxçıvan hərbçiləri ordumuzun xilaskarlıq missiyası çərçivəsində cəsarətlə döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Bütövlükdə, İkinci Qarabağ müharibəsində Naxçıvan 200-dən artıq şəhid verib.
Prezident İlham Əliyevin dediyi kimi, “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər… Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Təsadüfi deyil ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərdikləri rəşadətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb, digər orden və medallarla təltif olunublar.

Heydər Əliyevin Naxçıvanda qaldırdığı bayrağın Zəfər qüruru 

Bu gün Naxçıvan bütün sahələr üzrə böyük sürətlə inkişaf edərək, sözün əsl mənasında, intibah mərhələsi səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə muxtar respublikada yeni inkişaf mərhələsinin başlanması təmin edilib.
Dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” isə qədim yurdumuzun modern inkişafını şərtləndirən çox mühüm sənəddir. Bu dövlət proqramının Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirdikdə aydın şəkildə görünür ki, tezliklə muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatında inqilabi yeniliklər olacaq.
Dövlət proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən edilib. Muxtar respublikanın inkişafının siyasi və iqtisadi cəhətdən qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı elmi prinsiplərə də istinad edilib. Bu mühüm sənəd hazırkı mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaq. Tədbirlər Planına əsasən  – Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək, Azad İqtisadi Zona yaradılacaq, vergidən və gömrük rüsumlarından azadedilmə güzəştləri tətbiq olunacaq, yeni aqro və sənaye parkları yaradılacaq, Batabatda və Ordubadda Tematik parklar salınacaq, Naxçıvan şəhərində tramvay xətti çəkiləcək, yeni bərpa olunan enerji (əsasən günəş) stansiyaları, həmçinin istilik elektrik stansiyaları tikiləcək, UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi-memarlıq abidələri müəyyənləşdiriləcək.
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir inkişafının təmin olunmasına göstərdiyi böyük qayğının və dəstəyin əməli ifadəsidir. Dövlət proqramında nəzərdə tutulan layihələrin icrası Naxçıvanın modern tərəqqisini təmin edəcək.
Tarixi gerçəklik budur ki, Ulu Öndərin Naxçıvandan başlatdığı qurtuluş və inkişaf missiyasını cənab İlham Əliyev qətiyyətlə, inamla davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Məhz dahi liderin ilk dəfə Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün bütün Azərbaycanın üzərində dalğalanır. Bunu isə cənab İlham Əliyev Müzəffər Sərkərdə qətiyyəti ilə gerçəkliyə çevirib.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Naxçıvanın modern inkişafı naminə hazırladığı dövlət proqramı 100 illik yubileyini qeyd edən, inkişaf, tərəqqi yolunda inamla irəliləyən muxtar respublikanın yüksəlişinə müsbət impuls verəcək. Naxçıvan yenə də daha yüksək inkişaf dinamikasına görə seçiləcək və dövlət proqramına uyğun olaraq yeni istehsal müəssisələrinin, iri sənaye obyektlərinin, ekoturizm şəbəkəsinin yaradılması, “yaşıl enerji” istehsalı muxtar respublikanın region ölkələri ilə sıx inteqrasiyasını daha da dərinləşdirəcək.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

08.01.2024-cü il

“Azərbaycan” qəzeti