Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında ötən ilin yekunları müzakirə edilib

367

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 2023-cü ilin  yekunları və qarşıda duran vəzifələr həsr olunmuş iclas keçirilib.

Şuranın sədri Qəzənfər Abdullayev ötən il görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, Ağbulaq İstirahət Mərkəzi, Ağbulaqda yerləşən Xizək Mərkəzi, Culfa rayon “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC və Darıdağ Arsenli Su və Müalicə İstirahət Kompleksi Şuranın tərkibinə verilib. Həmçinin Şura tərəfindən 540 nəfərə maddi dəstək göstərilib, 7700 nəfər aztəminatlı ailəyə sovqat göndərilib, 13-ü şəhid ailəsinin üzvü və 11-i qazi olmaqla 215 nəfər qəbulda olub, müraciətləri dinlənilib və qaldırdıqları məsələlər həll edilib.

Şuranın Ümumi işlər bölməsinin müdiri Nüsrəddin Əsədov isə qeyd edib ki, 2023-cü ildə Aparata və üzv təşkilatlara ümumilikdə 449 ərizə və şikayət daxil olub. Onlardan 43-ü əmək hüquqlarının müdafiəsi, 29-u həmkarlar ittifaqlarının işi, 377-si maddi yardım və yollayışlarla əlaqədar olub.

 

Sonra Dövlət və Bələdiyyə İdarələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Ülviyyə Novruzova, Təhsil İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası Komitəsinin sədri Qərənfil Cəmiyeva, Ordubad rayon Birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Mahir Şıxəliyev və Culfa rayon Birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Vahid Muradovun çıxışları dinlənilib.

İclasda eləcə də mövcud nöqsanlar və onların həlli yolları, cari il ərzində həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı müzakirələr aparılıb, rəy və təkliflər səslənib.