“Həmkarlar ittifaqlarının gələcəyi” mövzusunda dəyirmi masa təşkil olunub

395

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının gələcəyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə AHİK sədrinin birinci müavini İlyas Əliyev, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Konfederasiyanın və üzv təşkilatların nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən İlyas Əliyev ölkəmizin artan qüdrətindən, iqtisadi inkişafından, aparılan davamlı və uğurlu sosial-iqtisadi islahatlardan, eləcə də məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmiş işlərdən danışıb.

İ.Əliyev həmçinin Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, əmək hüquqlarının qorunması ilə bağlı xüsusilə son illərdə atılmış addımlardan, əmək münasibətlərinin tənzimlənməsində tətbiq olunmuş yeniliklərdən, həmçinin müasir inkişaf reallıqları və günümüzün çağırışlarına uyğun hazırlanan təsisatın gələcək planlardan söz açıb.

Dəyirmi masada BƏT-nin sektor müdiri Sergeyus Qlovaskasın “Həmkarlar ittifaqları yol ayrıcında. Tendensiyalar və inkişaf perspektivləri”, AHİK-in şöbə müdiri Namiq Hüseynovun “Həmkarlar ittifaqları fəaliyyətinin perspektivləri”, Azərbaycan Neft-qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin “Həmkarlar ittifaqlarının gələcəyinə baxış” mövzusunda çıxışları dinlənilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səslənib.