Hədəf Azərbaycanın bütövlüyü, suverenliyi və Qarabağdır

381

Tarixinin ən qüdrətli Azərbaycanı bu gün dünyada tam müstəqil siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi qəbul olunur. Bu amil son 20 ildə ölkənin beynəlxalq nüfuzunun getdikcə daha da yüksəlməsini, geosiyasi və geoiqtisadi əlaqələrinin şaxələnməsini  şərtləndirib. Məhz xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində, yəni Qərblə Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə qlobal siyasi-iqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də bu gün müstəsna əhəmiyyətə malikdir.

Belə ki, ölkəmiz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı, bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bütün bunların sayəsində Azərbaycanın siyasi və iqtisadi potensialı getdikcə artır, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənir.

Müstəqil siyasət, beynəlxalq təşkilatlarla əməkdaşlıq

Müstəqil xarici siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Ən əsası, Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi əsasında qurub.

Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Regional səviyyədə bölgədə əmin-amanlığın və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat-tranzit, əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də xarici siyasətdə müstəsna əhəmiyyət kəsb edir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan  qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Bütün bunlarla yanaşı, Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilata üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı inkişaf etdirib. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan milli maraqlarını gerçəkləşdirib.

1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilib, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaradıb, bu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirib. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradıb, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər reallaşdırıb.

Bəs Azərbaycana olan münasibət?!

Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olub, beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük verib. Ölkəmizin yürütdüyü xarici siyasət strategiyası ilk növbədə region və Qərb ölkələri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan bununla özünü müəyyən təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olub.

Beynəlxalq təşkilatlarla əməkdaşlığa gəlincə isə deyə bilərik ki, Azərbaycan üzv olduğu qurumlarla hər zaman səmərəli iş modelinə üstünlük verib. Ölkəmizin üzərinə düşən vəzifələri, öhdəlikləri necə yerinə yetirməsi həmin qurumların bütün sənədlərində əksini tapıb.

Bəs son 31 ildə bəzi beynəlxalq təssisatlar Azərbaycanın xoş niyyətli təşəbbüslərinə, səmərəli əmakdaşlığına qarşı adekvat cavab verdilərmi?!

İlk olaraq başlayaq BMT-dən…

Yarandığı gündən dünyada münaqişə və mübahisəli məsələlərin dinc yolla tənzimlənməsində aparıcı rola malik olan bu təşkilatın qəbul etdiyi istənilən qətnamə və qərarın icrası dərhal həyata keçirilir. Buna Təhlükəsizlik Şurasının Liviyaya dair çıxardığı qətnamənin mürəkkəbi qurumamış Fransa qırıcı təyyarələrinin səmaya qalxması, paytaxt Tripolinin bombardman edilməsi və digər faktları misal gətirmək olar. Nədənsə, keçmiş Dağlıq Qarabağ probleminə yanaşmada BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərdən, o cümlədən Fransadan, ABŞ-dən bu çevikliyi müşahidə edə bilmədik.

Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin tam 27 il kağız üzərində qalması Azərbaycana olan soyuq münasibətin, ikili standartların real göstəricisi idi. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdu. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulmasını və erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Lakin nə Ermənistana qarşı bir tədbir görüldü, nə də hansısa sanksiya tətbiq edildi. Ermənistandan BMT qətnamələrinin tələblərini özxoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək əlbəttə ki, BMT-nin nüfuzuna ciddi zərbə vurdu. Azərbaycan 27 il bu təşkilatdan ədalət tələb etsə də, heç nə dəyişmədi.

Münaqişənin həllinin nizamlanması istiqamətində yaradılan ATƏT-in Minsk qrupu da tam 26 il Ermənistanın maraqlarına xidmət edən addımlar atdı. Regiona yalnız turist kimi səfər edən həmsədrlər münaqişənin həlli istiqamətində doğru yol göstərə bilmədilər. Müvafiq mandata sahib olan Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayaraq, əksinə, müxtəlif vasitələrlə prosesin uzadılmasına səbəb oldu. Beynəlxalq təşkilatın bu cür yanaşması Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq etdi. Bu ölkə məhz cəzasızlıq mühitindən yararlanaraq artıq məhv olmuş, tarixin arxivinə gömülmüş status-kvonu saxlamaqla istəyinə nail olurdu. Hətta istədiyi vaxt ölkədəki daxili ixtişaşları yatırmaq üçün keçmiş cəbhə xəttində atəşkəsi pozaraq Azərbaycanı təxribata çəkirdi. Layiqli cavabını aldıqda isə siyasi şantaja əl atıb Azərbaycanı şərləməyə başlayırdı. “Xristian klubu”na çevrilmiş Avropa təşkilatları da hər zamankı kimi işğalçı ölkənin müdafiəsini şərtləndirən bəyanatlar verirdilər.  Həmin təşkilatlardan biri də Avropa Şurası idi.

Ümumiyyətlə, Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görüb. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə yardım göstərən AŞ-ın Venesiya Komissiyası ilə sıx əlaqələr qurub, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun protokollarını 2001-ci il yanvarın 25-də imzalayıb, 2002-ci il aprelin 15-də isə onları ratifikasiya edib.

Azərbaycan Avropa Şurasına üzv olanda başlıca məqsədimiz və istəyimiz o idi ki, bu təşkilat ölkəmizin haqq işini müdafiə edərək, Ermənistanın işğalçı dövlət olduğunu dünyaya bəyan etsin. Amma bununla bağlı nə zaman məsələ qaldırılırdısa, Ermənistana qarşı hər hansısa qərar, sanksiya qəbul olunmadı.

Lakin sonunda haqq-ədalət yerini tapdı. Tarixinin ən qüdrətli Azərbaycanı BMT-nin qəbul etdiyi həmin qətnamələrin icrasını öz hərbi gücü ilə həyata keçirdi. Tarixi Zəfər ədaləti bərpa edərək Azərbaycanın gücünü-qüdrətini bir daha dünyaya göstərdi.  Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin 30 ilə yaxın müddətdə həll edə bilmədiyi, bəlkə də etmək istəmədiyi bir problemi kökündən həll etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verdi.

2023-cü ilin sentyabrında isə Azərbaycan öz ərazilərində bütün beynəlxalq normalara uyğun antiterror tədbirləri həyata keçirməklə suverenliyini, ərazi bütövlüyünü tam təmin edərək Qarabağdakı qondarma terrorçu rejimi və 200 illik erməni avantürasını məhv edib, “böyük Ermənisan” xülyasının üstündən xətt çəkdi.

Cənubi Qafqazda yeni reallıqlar yarandı və Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar başlanıldı. Amma bütün bunlar regionda marağı olan bəzi qüvvələrə sərf etmədiyi üçün yenə də təxribatlara start verildi. Son bir ildə baş verən proseslər də göstərir ki, başda Fransa olmaqla, bəzi Qərb ölkələri və təşkilatları iki ölkə arasında sülh müqaviləsinin bağlanmasının qəti əleyhinədirlər. Məqsədləri yenidən bölgədə yeni “qan çanağı” yaratmaqdır.

“Xristian klubları”nın yeni “səlib yürüşü”

2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra isə Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edirdi.

Amma Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna nümayəndə göndərmək istədiyini bildirdi. Lakin bu qurumun ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərinin reallaşmasına Azərbaycan imkan vermədi. Yəni AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet istiqamətini “ermənilərin hüquqları” təşkil edib. Bu təşkilat digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul etdi.

Amma Ermənistan rəhbərliyi bir dəfə də olsun açıqlama verib bu prosesi “etnik təmizləmə” adlandırmadı. Hətta rəsmi İrəvan antiterror tədbirləri zamanı sadə ermənilərə qarşı zorakılıq hallarının qeydə alınmadığını bildirdi. Yəni Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinə  qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaratdı. Qarabağ bölgəsində yaşamaq istəyən erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə portala müraciət etdilər. Bütün proseslər qanunvericilik çərçivəsində həyata keçirildi və bu gün də davam etməkdədir.

Lakin Fransa başda olmaqla regionda sülhün bərqərar olunmaması üçün bütün yollara əl atan bəzi Qərb dövlətləri və təşkilatları Azərbaycana qarşı yeni hücum taktikası həyata keçirməyə başlayıblar. Diqqətçəkən vacib məqam ondan ibarətdir ki, son zamanlar Azərbaycan əleyhinə Avropadan qaynaqlanan hadisələr ardıcıl, zəncirvari proses kimi baş verir. Yəni Azərbaycana qarşı çox ciddi, mürəkkəb və məkrli proseslər gedir. Əlbəttə ki, bütün bunların haradan qaynaqlandığı məlumdur.

Öncə yanvarın 17-də, Fransa Senatı Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etdi. Bu mənasız sənədin erməni lobbisinin təhriki ilə atıldığı heç kimdə şübhə doğurmur. Həmçinin sübut edir ki, Fransa hökuməti və parlamenti orada yaşayan ermənilərin əlində bir oyuncağa çevrilib. İstədikləri qərarı qəbul etdirir, bu ölkəni istədikləri yanlış yola yönəldirlər. Qəribəsi odur ki, senatorlar hələ də Azərbaycanın regionda real güc sahibi olduğunu anlamırlar. Anlamırlar ki, Azərbaycandan icazə almadan regiona girmək olmaz, çünki hər cəhətdən burada böyük söz sahibi odur, iştirakı olmadan heç bir layihə ərsəyə gələ bilməz.

Daha sonra Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel ölkəmizi əsassız ittiham etməyə başladı və nəhayət, AŞPA-nın son oyunu belə təsəvvür yaratdı ki, Avropada Azərbaycana qarşı sanki “səlib yürüşü”nə çıxmaq qərarı verilib.

AŞPA nəhayət ki, 2024-cü ilin başlanğıcında Fransa və Almaniya kimi dövlətlərin əlində alətə çevrildiyini rəsmən təsdiqlədi. Çünki Azərbaycanın separatizmin kökünü kəsməsindən, işğalı aradan qaldırmasından, ölkənin bütün ərazisində dövlət suverenliyini təmin etməsindən, yurdundan qovulmuş bir milyondan artıq insanın hüquqlarının bərpasından narahatlıq keçirərək əl-ayağa düşən bu təşkilat növbəti dəfə Azərbaycanın səsini dondurmaq kimi mənasız və çirkin təşəbbüslə çıxış etdi. Burada mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda haqlı olaraq iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi. Bu, nümayəndə heyətinin deyil, bütün Azərbaycanın qərarı idi. Nümayəndə heyətimiz “Dünyada heç kim Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz”, – deyərək AŞPA-da iştirakını dayandırdı.

Müəyyən qrupların eqoist maraqlarına xidmət edən AŞPA və Azərbaycanın haqq yolu

Əslində, bunun eyni ssenarinin davamı olduğu hər kəsə aydındır. Çünki AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməməsi, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Yəni səbəb heç də bu ideyanın “müəllifi”, Almaniyadan olan deputat Frank Şvabenin iddia etdiyi kimi, Azərbaycanın AŞPA müşahidəçilərini fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləməyə dəvət etməməsi və guya qurumun missiyasını Laçın nəzarət-buraxılış məntəqəsinə buraxmaması ilə bağlı deyil, tamamilə başqadır. Əsas səbəb Azərbaycanın son illərdə bir-birinin ardınca möhtəşəm qlobal və regional əhəmiyyətli uğurlar əldə etməsi, nəhəng qlobal layihələr reallaşdırması, dünyanın 5 güc mərkəzini birləşdirən BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun 30 ildə həll edə bilmədiyini Azərbaycanın yerinə yetirməsidir. Bütün bunlar 2020-ci ilin noyabrından indiyədək Qərbin, xüsusilə Fransanın, Almaniyanın, Avropa İttifaqının, onların ideoloji və qanunverici ruporu rolunu oynayan AŞPA-ya sanki dərd olub.

Azərbaycan qüdrətlənir, söz və güc mərkəzinə çevrilir və beynəlxalq nüfuzu getdikcə yüksəlir. Fransa, Almaniya, AŞPA kimi ağa qara deyən üzdəniraq “demokratları” qəzəbləndirən də elə budur!

AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyi, nümayəndə heyətimizin haqlı qərarı ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qəbul etdiyi bəyanatda da qeyd edildiyi kimi, baş verənlər bu təşkilatın Fransa və Almaniya kimi dövlətlərin xudbin maraqları üzərində qurulduğunu, onların əlində siyasi təzyiq alətinə çevrildiyini bir daha təsdiqləyir. Bu Qərb təsisatı Azərbaycana münasibətdə daha riyakar və ikiüzlü mövqe nümayiş etdirir. Regionun hərtərəfli inkişafına geniş imkanlar açan Azərbaycanı hədəf almaq, onun sülh səylərinə süni əngəllər yaratmaq bu qurumun məkrli və hiyləgər planlarından xəbər verir. Aydın görünür ki, Azərbaycanın gündən-günə inkişafı, artan iqtisadi qüdrəti, tam müstəqil siyasət həyata keçirməsi dünyanın bəzi dövlətlərini, o cümlədən Fransa və Almaniyanı  çox narahat edir. Məhz bu ölkələrin canfəşanlığı və diktəsi ilə hərəkət edən AŞPA anti-Azərbaycan, islamofobiya siyasətini həyata keçirir, ikili standartların tətbiqində baş rolda çıxış edir. Azərbaycana mane olmaq üçün isə müxtəlif çirkin vasitələrlə, xüsusən regional və beynəlxalq təşkilatların əli ilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edilir, haqq işinə kölgə salmağa çalışılır, qərəz və böhtan dolu qərarlar qəbul olunur. Bu, erməni lobbisindən qidalanan azərbaycanofobiya və islamofobiya təfəkkürlü avropalı deputatların korrupsiya və rüşvətxor əməllərinin təzahürüdür. Bu cür qərarlarla, əslində, qurumun əsl mahiyyəti ortaya çıxır, dünya ictimaiyyətinin gözündən düşür.

Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, hədəf Azərbaycanın bütövlüyü, suverenliyi və Qarabağdır!

Bu səbəbdən də Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını ölkə ictimaiyyəti düzgün hesab edir və alqışlayır. Hər kəs açıq-aşkar görür ki, AŞPA insan haqlarının müdafiəçisi adı altında gizlənərək “xristian klubu” və diaspor təşkilatı kimi fəaliyyət göstərir, öz funksiyalarını bir kənara qoyaraq müəyyən qrupların eqoist maraqlarına xidmət edir. Həm də dünyada artıq AŞPA xarakterli təşkilatlara yer qalmadığı, zamanın tələblərinə cavab vermədiyi üçün bu qurumla əməkdaşlıq əhəmiyyətsizdir və vaxt itkisindən başqa bir şey deyil.

AŞPA-nın ölkəmizə bu cılız davranışı heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan güclü dövlətdir, regionun lideri, dünya, o cümlədən Avropa üçün son dərəcə əhəmiyyətli və faydalı ölkə kimi əlaqələrini, imkanlarını gündən-günə genişləndirməkdədir. Heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə və təhdid dili ilə danışa bilməz. Agah olsunlar ki, Azərbaycan öz müstəqil və suveren siyasətini bundan sonra da uğurla davam etdirəcək. Ölkəmizə qarşı Avropada başladılan bu sistemli fəaliyyətə baxmayaraq, Azərbaycan siyasətində və mövqeyində hər hansı dəyişiklik etmək fikrində deyil. Azərbaycanın siyasəti isə, ilk növbədə, ölkənin milli maraqlarına və beynəlxalq hüququn normalarına əsaslanır.

Həm AŞPA-ya, həm də Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurasına və Fransa, Almaniya kimi ölkələrə məlum olsun ki, istəsələr də, istəməsələr də Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqları qəbul etməyə məcbur olacaqlar. Azərbaycan haqq və ədalətə söykənən tam müstəqil siyasət həyata keçirir. Onların Azərbaycan əleyhinə səsləndirdikləri boş fikirlərin, irəli sürdükləri yersiz təşəbbüslərin, qəbul etdikləri mənasız qərarların heç bir nəticəsi olmayacaq. AŞPA və digər eyni mövqedə olan təşkilatlar və dövlətlər Azərbaycanın regional və qlobal əhəmiyyətini dərk etməlidirlər. Anlamalıdırlar ki, Azərbaycan onlara daha çox lazımdır.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri