Demokratik, ədalətli seçkilər yeni dövrün başlanğıcı olacaq

378

Prezident seçkiləri  Azərbaycanın dövlətçilik tarixinə şanlı möhürünü vuracaq 

Tarixinin ən qüdrətli Azərbaycanı növbəti mühüm seçim qarşısındadır. Xalq prezident seçkilərinə böyük coşqu ilə hazırlaşır. Bu, müstəqillik tariximizin sayca 9-cu prezident seçkiləridir.
Builki seçki ölkəmiz adına taleyüklü bir dövrdə keçirilir. Məhz buna görə də bir sıra özəlliklərinə görə diqqət çəkir. Belə ki, 30 ildən sonra ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Yəni bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu, həm də Zəfər seçkiləri olaraq Azərbaycanın siyasi tarixinə yazılacaq. 30 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər. Prezident seçkiləri qüdrətli Azərbaycanın tarixində yeni dövrün başlanğıcı olacaq.
İşğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla, bütün ölkə boyu keçiriləcək ilk prezident seçkiləri həm də tarixi əhəmiyyət daşıyır. Bu, iqtisadiyyatımızın, eləcə də regional geosiyasi və geoiqtisadi mövqeyimizin daha da gücləndirilməsi baxımından mükəmməl fürsətdir. Birmənalı şəkildə deyə bilərik ki, prezident seçkiləri məhz bu mühüm proseslərin reallaşdırılması istiqamətində atılacaq addımlara, yeni dövrə xeyir-dua verəcək.
Siyasi, iqtisadi müstəqilliyin və böyük Zəfərin yaratdığı reallıq

İstənilən seçki hər bir demokratik cəmiyyət üçün mühüm siyasi hadisə hesab edilir. Bu baxımdan qarşıdan gələn prezident seçkisinin istər Azərbaycan cəmiyyəti, istər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanması və izlənilməsi təbiidir. Əsas odur ki, respublikamızda statusundan və məzmunundan asılı olmayaraq, hər bir seçkinin ədalətli və şəffaf keçirilməsi üçün olduqca böyük təcrübə, siyasi iradə və demokratik ənənələr var.
Xalqımız fevralın 7-də seçkilər vasitəsilə xoşbəxt gələcəyini, dövlətinin etibarlı idarəçisini müəyyənləşdirəcək. İndiyədək ölkəmizdə keçirilən əvvəlki prezident seçkiləri Azərbaycandakı demokratiyanın aynası rolunu oynayıb. Çünki ölkəmizin seçki təcrübəsi də çox unikaldır. Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Respublikamızda vüsət alan demokratik inkişafın tərkib hissəsi kimi seçki sistemi də ildən-ilə təkmilləşdirilib. Xalq isə bütün seçkilərdə mütəşəkkillik nümayiş etdirərək layiq olan namizədə etimad mandatı verib.
Hər bir seçki Azərbaycanın demokratiya yolu ilə inkişafının, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasının təcəssümü kimi yadda qalıb. Bu seçkilərdə də dünya Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin yaratdığı mütəşəkkilliyə, birliyə şahidlik etmiş olacaq.
Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun necə yüksəldiyini yalnız biz deyil, dünyanın ən güclü təşkilatları, reytinq platformaları da təsdiq edirlər. Azərbaycanın həm geosiyasi, həm də geoiqtisadi uğurları ən yüksək səviyyədə etiraf olunmaqdadır. Bunun üçün Avropanın aparıcı lider dövlətlərinin rəhbərlərinin Azərbaycan haqqında səsləndirdiyi fikirlər də yetərlidir.  Bütün bunların səbəbi isə Azərbaycanın tam müstəqil siyasət yürütməsidir. Məhz bu amil Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Əgər Azərbaycana etibar edilməsəydi, ölkəmiz ən mötəbər təşkilatlarda təmsil olunmaz və ən böyük beynəlxalq toplantıların keçirilməsi üçün Azərbaycana etimad göstərilməzdi. Təkcə bu faktları göstərmək kifayətdir. 119 ölkənin yekdil qərarı ilə Azərbaycanın BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatının (QH) 2019-2022-ci illər üçün sədri seçilməsi və daha sonra yekdil qərar ilə sədrliyinin daha bir il uzadılması; BMT sistemində iki ən böyük tədbirin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə və Dünya Urban Forumunun 2026-cı ildə Bakıda keçirilməsi barədə verilən qərarlar Azərbaycana olan inamın, etibarın göstəricisidir.
Ümumiyyətlə, ötən dövrdə Azərbaycanın milli maraqlara, beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət aparması, xarici siyasətdə digər dövlətlərin daxili işlərinə qarışmaması və eyni yanaşmanı özünə qarşı da tələb etməsi, ölkəmizin beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaşı, böyük hörmət və etimada malik dövlət kimi tanınmasını şərtləndirib.
Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi bəlkə də bir çox dövlətlərin 100 ildə qazana bilmədikləri nailiyyətləri əldə edib.
Yardım alan ölkədən donor ölkəyə çevrilən, 19 ölkə ilə strateji tərəfdaşlıq və 3 ölkə ilə müttəfiqlik sazişləri imzalayan Azərbaycan təkcə dünyanı ağuşuna alan qlobal pandemiya dövründə  46 ən az inkişaf etmiş ölkədən 43-nə, Afrikanın 54 ölkəsindən 53-nə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 50-sinə humanitar və inkişaf məqsədli yardımların göstərib. Ümumilikdə, son 20 ildə dünyanın 140-a yaxın ölkəsinə iki və çoxtərəfli əsasda beynəlxalq yardımın göstərilməsi Azərbaycanın iqtisadi qüdrətinin bariz təcəssümüdür.
Qlobal miqyaslı təşəbbüsləri ilə Azərbaycan Avropanın enerji xəritəsini dəyişib. Bir vaxtlar öz əhalisinin enerjiyə olan təlabatını idxalla ödəyən ölkəmiz bu gün dünyaya enerji ixrac edir və bu prosesdə ən etibarlı tərəfdaş statusu qazanıb. Azərbaycan hazırda Avrasiyada enerji körpüləri yaradır. 1994-2020-ci illər ərzində Azərbaycan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və “Cənub qaz dəhlizi” layihələrini reallığa çevirib. Bütün bunlar əlbəttə ki, siyasi və iqtisadi müstəqilliyin yaratdığı reallıqlar fonunda baş verib.
Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə diqqət etsək görərik ki, ölkəmiz Cənubi Qafqaz iqtisadiyyatında 64 faiz paya malik güclü iqtisadiyyat formalaşdırıb. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 318,9 milyard ABŞ dolları təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların həcmi 100,6 milyard ABŞ dolları olub. Ölkədə Ümumi Daxili Məhsul 7,3 milyard ABŞ dollarından 72,4 milyard ABŞ dollarına çatıb. Bu isə 3,6 dəfə real artım deməkdir. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən valyuta ehtiyatları 43 dəfə artaraq  68,5 milyard dollara çatıb. Dövlət büdcəsinin gəlirləri 1,2 milyard manatdan 35,6 milyard manata yüksəlib. Xarici ticarət dövriyyəsi 5,2 milyard ABŞ dollarından 51,2 milyard ABŞ dollarına çatıb. Ticarət tərəfdaşlarının sayı 55 ölkə artaraq 193-ə yüksəlib.
Bununla yanaşı, orta aylıq əməkhaqqının nominal məbləği 12 dəfə artaraq 76,8 manatdan 923 manata çatıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,2 faizə enib. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirməklə, ölkəmiz bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib. Kənd təsərrüfatı sektoru 2,1 dəfə, nəqliyyat sektoru 4,1 dəfə, turizm və ictimai iaşə sektorları 17,5 dəfə, informasiya və rabitə sahəsi isə 20,9 dəfə artıb.
Məhz bu dövrdə minimum əməkhaqqı 38, orta aylıq əməkhaqqı 12, minimum pensiya 14, orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19, əlilliyə görə pensiya 14, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb.
Bu uğurlar Azərbaycanı qüdrətli dövlətə çevirdi və bütün bunlar böyük Zəfərimizə – işğal altında olan torpaqlarımızın azadlığına zəmin yaratdı. 2020-ci il  sentyabrın 27-də başlanan Vətən müharibəsi xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Azərbaycan ərazi bütövlüyünü təmin etdi, işğala son qoydu. Ötən il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulması ərazi  bütövlüyümüzün bərpasının simvolu oldu. Sentyabrın 19-da Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın bütövlüyünü, suverenliyini tam təmin etdi. Bununla da dünya erməniliyinin 200 illik avantürasını, “böyük Ermənistan” xülyasını 44 günə məhv edib, 23 saata tarixdən birdəfəlik silən Azərbaycan bir daha dünyaya hansı gücə sahib olduğunu göstərdi.
Savaşdan sonra isə Azərbaycan işğaldan azad etdiyi, erməni barbarlarının 30 ildə viran qoyduqları torpaqlarında misli görünməyən tikinti-quruculuq işləri aparıb Böyük qayıdışa start verməklə, həm də beynəlxalq aləmə iqtisadi qüdrətini nümayiş etdirdi. Dünya vandal ermənilərin 30 ilə daşı-daş üzərində qoymadıqları torpaqlarda Azərbaycanın cəmi 3 ildə necə xariqələr yaratdığına şahidlik etdi və bu gün də həmin proses davam edir.
Əlbəttə ki, bütün bunlar hər bir azərbaycanlını qürurlandırır, fərəhləndirir. Bu gün başımız uca, alnımız açıqdır. Amma hər kəs də şahiddir ki, Azərbaycanın əldə etdiyi bu uğurları həzm edə bilməyən dövlətlər, müxtəlif qüvvələr var. Vətən müharibəsindən sonra həmin qüvvələrin apardıqları çirkin kampaniyalar, Ermənistanla Azərbaycanın arasında sülh sazişinin imzalanmaması üçün ortaya atılan iddialar göstərir ki, həmin dairələr Cənubi Qafqazda sabitliyin bərqərar olmasını istəmirlər. Ara qarışdırmaqla, fitnə-fəsad törətməklə yenidən bölgədə savaş meydanı yaratmaq üçün əllərindən gələni edirlər. Azərbaycan isə bütün bu böhtanlara, iftiralara qətiyyətlə sinə gərir.

Qarabağ və Şərqi Zəngəzurun 26 seçki məntəqəsində ilk səsvermə keçiriləcək

Bütün bunlar Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin istənilən təxribatlarının qarşısını almaqla yanaşı, siyasi sistemin gücləndirilməsini də strateji amil kimi ortaya qoyur. Bu səbəbdən də fevralın 7-də keçiriləcək prezident seçkiləri xalq-dövlət birliyinin bariz təcəssümü kimi yalnız Azərbaycanın demokratik tarixinə yox, ümumiyyətlə, dövlətçilik tarixinə öz şanlı möhürünü vuracaq.
Artıq yanvarın 15-dən prezidentliyə namizədlərin təşviqat kampaniyasına start verilib. Namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşləri üçün 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Bütün təşviqat subyektləri üçün ödənişsiz olan bu yerlərdə, heç bir icazə almadan, sadəcə digər namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların görüşləri ilə üst-üstə düşməsin deyə, aidiyyəti dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirmək olar.
İlk dəfə seçki keçiriləcək işğaldan azad edilmiş ərazilərimizdə də hazırlıqlar görülür. Qarabağ və Şərqi Zəngəzurda  – Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi ərazisində 26 seçki məntəqəsi yaradılıb. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.
Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb.
Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb.

Həmkarlar ittifaqlarının 1,5 milyon üzvü ən fəal seçici kütləsidir

Bu gün dünyanın müxtəlif regionlarında qanlı hadisələr, sonu görünməyən müharibələr baş verir. Belə bir şəraitdə Azərbaycan dünyada sabitlik, inkişaf, təhlükəsizlik adası kimi yalnız irəliyə gedir, şöhrəti bütün aləmə yayılır. Bütün Azərbaycan xalqı kimi, həmkarlar ittifaqları da zaman-zaman ölkəmizin məhz müstəqil siyasət kursuna görə hansı təzyiqlərə, çirkin kampaniyalara məruz qaldığını yaxşı bilir. Ancaq bütün bunlar Azərbaycanın əzminə, inkişaf yoluna mane ola bilmədi. Prezident seçkilərindən sonra isə həmin qüvvələrin bütün təxribatları bumeranq effekti verəcək.
Xalq seçkilərdə hər zamankı kimi, mütəşəkkillik nümayiş etdirərək layiqli namizədə etimad mandatını verəcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1,5 milyon həmkarlar ittifaqı üzvləri də fevralın 7-də keçiriləcək prezident seçkilərində xalqımızla həmrəyliyi davam etdirərək, Azərbaycanın möhtəşəm uğurları, dayanıqlı inkişafı naminə səs verəcək.
Əlbəttə ki, 1,5 milyon həmkarlar ittifaqı üzvü mütəşəkkil qüvvələrdir. Onlar dairə və məntəqə seçki komissiyalarında təmsil olunurlar, eyni zamanda ən fəal seçici kütləsidir. 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş prezident seçiklərində olduğu kimi, bu seçkidə də həmkarlar ittifaqlarının üzvləri mütəşəkkillik nümayiş etdirəcəklər.
İnanırıq ki, hər bir Azərbaycan vətəndaşı ilk dəfə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi şəraitində keçirilən bu seçkilərdə fəal iştirak edəcək və seçki günü məntəqələrə gəlməklə bu şanlı tarixi prosesin bir hissəsinə çevrilərək onu imzası ilə möhkəmləndirməyə səs verəcək.
Ümumiyyətlə, ölkəmizdə uzun illərdir siyasi sabitlikdir, demokratiyanın bütün təzahürləri tam bərqərar olub. Həmçinin bizim cəmiyyət sivildir, savadlıdır, kamildir. Ayrı-ayrı xalqların və dinlərin mənsubları burada mehriban ailə kimi yaşayırlar, qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi mühit mövcuddur. Eləcə də vətəndaşlarımız yüksək siyasi mədəniyyətə sahibdirlər. Bunu illərin təcrübəsi sübut edir. İnanırıq ki, xalqımız bu seçkilərdə də öz sarsılmaz birliyini, həmrəyliyini  qoruyaraq tərəqqiyə, inkişafa səs verərək layiqli namizədi özünə lider seçəcək.

Bütöv Azərbaycanda ilk seçki Muxtar Respublikanın 100 illik yubileyinə töhfə olacaq

Ölkəmizdə keçirilən bütün prezident seçkilərində aktiv rol oynayan Naxçıvan Muxtar Respublikasında da bütöv Azərbaycanda baş tutacaq ilk seçkilərə ciddi hazırlıq görülür.
Milli Məclisdə təmsilçisi olduğum Naxçıvanda ümumilikdə 6 Dairə Seçki Komissiyası – 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa və 6 saylı Ordubad-Culfa DSK-ları var. 1 saylı DSK-nın 46, 2 saylı DSK-nın 56, 3 saylı DSK-nın 60, 4 saylı DSK-nın 42, 5 saylı DSK-nın 43, 6 saylı DSK-nın 63 seçki məntəqəsi, yəni 6 DSK ürə 310 seçki məntəqəsi mövcuddur. Bütün seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkündür.
Nəzərə alaq ki, sərt iqlimi ilə seçilən Naxçıvanda bu seçki məntəqələrinin xeyli hissəsi dağlıq bölgələrdədir, qarlı ərazilərdədir. Məhz fəslin bu çağında həmin ərazilərin qardan təmizlənməsi, seçki günü seçicilər üçün əlverişli imkanların yaradılması da əsas şərtlərdən birincisidir. Lakin Naxçıvan sakinləri hər zaman seçkilərdə yüksək fəallığı ilə fərqlənib və bu gün də 7 fevral prezident seçkilərinə ciddi hazırlaşırlar. Seçicilərimlə keçirdiyim son görüşlərdə onlar hər zamankı kimi bu seçkilərdə də aktiv olacaqlarını, layiqli namizədə səs verəcəklərini qətiyyətlə vurğulayıblar.
Bu seçkilərin həm də Naxçıvan üçün xüsusi özəlliyi var. Çünki bütöv Azərbaycanda keçiriləcək 2024-cü il 7 fevral tarixli ilk prezident seçkiləri muxtar respublikanın 100 illik yubileyinə təsadüf edəcək. Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayan Naxçıvan diyarı əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə yüksək töhfələr verib. Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarıb, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.
Bu gün Naxçıvan Muxtar Respublikası dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji” zonası elan olunub. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Zəngəzur dəhlizinin açılması isə Naxçıvanın hərtərəfli tərəqqisini şərtləndirəcək. Türk dünyasına açılan qapımızın yeni yüksəliş dövrü başlayacaq.
İnanıram ki, bu seçkilərdə də Naxçıvan əhalisi doğru seçim edəcək və muxtar respublikanın gələcək inkişafı əmin əllərdə olacaq. Bu seçkilərdə də həmişə olduğu kimi, demokratiya zəfər çalacaq. Çünki Azərbaycan cəmiyyəti sivil və kamil cəmiyyətdir. Ayrı-ayrı xalqların və dinlərin mənsubları ölkəmizdə mehriban ailə kimi yaşayırlar. Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur. Eləcə də vətəndaşlarımız yüksək siyasi mədəniyyətə sahibdirlər. Odur ki, xalqımız bu seçkilərdə də öz sarsılmaz birliyini, həmrəyliyini  qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək.
Xalqdan etimad mandatı alacaq namizəd isə yeni milli ideya ilə yeni dövrə başlayacaq. Bu ideya Azərbaycanın daha çox inkişafına, müdafiə gücünün atırılmasına, xalqımızın milli birliyinin daha da möhkəmlənməsinə və xarici düşmənlərimizə qarşı daha mətinləşməsinə səbəb olacaq.

Bütövlüyü, suverenliyi tam bərpa edilən bütün Azərbaycan səs verəcək

Yeni mərhələdə xalqımızın inandığı, güvəndiyi liderə etimad göstərəcəyinə şübhə yoxdur. Əlbəttə ki, bu inam və etimad ölkəmizin davamlı yüksəlişinə, möhtəşəm quruculuğa və daha böyük zəfərlərə doğru addımlamasına səbəb olacaq. Həm də bu seçkilər ölkəmizə düşmən gözü ilə baxanlara qarşı daha inamlı mübarizə aparmağımız üçün bizə yeni siyasi güc verəcək.
Hətta amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys də deyib ki, prezident seçkiləri Azərbaycan xalqının gələcək inkişafı və rifahı üçün mühüm fürsətdir. Bu seçkiləri Azərbaycanın müasir tarixində ən mühüm məqam adlandıran ekspert əlavə edib ki, ölkəmizdə seçki ənənəsi demokratiyanın mütərəqqi vəziyyətini mükəmməl şəkildə nümayiş etdirir. Budəfəki prezident seçkiləri ilk dəfə suveren Azərbaycan ərazisinin hər bir guşəsində baş tutacaq. Bu, əslində, Azərbaycanın müasir tarixində şanlı səhifədir.
Beləliklə, Azərbaycan xalqı 2024-cü ilin 7 fevral seçkilərinə tariximizin ən möhtəşəm Zəfərinin yaratdığı reallıqlar fonunda ortaya çıxan siyasi, iqtisadi, hüquqi, ən əsası, qlobal zərurətlər kontekstində gedir. Xalq geriyə – xaosa, böhrana, fəlakətə deyil, sabaha, davamlı tərəqqiyə, yüksələn rifaha etimad mandatı verəcək. Bu dəfə ən layiqli namizədə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən bütün Azərbaycan səs verəcək.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti   18.01.2024