AHİK sədri Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları və üzv təşkilatların nümayəndələri ilə görüşüb

566

Yanvarın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclas zalında ittifaq üzvləri ilə görüşüblər. Səttar Möhbalıyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan qələbə, işğaldan azad edilmiş torpaqlarda görülən böyük bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsinə qızıl hərflərlə yazılıb. Cənab İlham Əliyev xalqımıza verdiyi bütün vədlərini yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. AHİK sədri qeyd edib ki, Azərbaycan xalqı xoşbəxt gələcəyə yalnız qalib sərkərdə İlham Əliyevlə birgə irəliləyəcək.

Sonra Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, dekabrın 20-də AHİK-in növbədənkənar VI Qurultayında Həmkarlar İttifaqı üzvləri İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərarı səsə qoyaraq yekdilliklə qəbul etmişdi. Bu dəfə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 46224 ittifaq üzvü ilə birgə hamılıqla Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə səs verəcək.