Sosial qayğıya ehtiyacı olan 454 məktəbliyə qış geyimləri verilib

511

Dekabrın 1-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyiminin verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs Günay Malikqızı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin müavini Ramiz Cəfərov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Elxan Nəcəfov və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış edərək muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələri haqqında məlumat veriblər.
Bildirilib ki, bu gün bütün kateqoriyalardan olan uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Onların hüquqlarının və sağlamlıqlarının qorunması, sosial müdafiəsinin təşkili, asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər, o cümlədən monitorinqlər, seminarlar keçirilir.
Artıq muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulub. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, tək valideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla, 264 uşağa Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası tərəfindən, 40 uşağa Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, 150 uşağa isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qış geyimi verilib. Ümumilikdə 454 xüsusi qayğıya ehtiyacı olan uşaq isti qış geyimi ilə təmin olunub.
Qeyd edək ki, analoji tədbir muxtar respublikanın bütün rayonlarında da təşkil olunub. Belə ki, Naxçıvan şəhəri üzrə 122, Şərur rayonu üzrə 69, Babək rayonu üzrə 99, Ordubad rayonu üzrə 28, Culfa rayonu üzrə 55, Kəngərli rayonu üzrə 40, Şahbuz rayonu üzrə 14 və Sədərək rayonu üzrə 27 uşaq qış geyimi ilə təmin edilib.