Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XII Məclisi keçirilib

863

Dekabrın 15-də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XII Məclisi keçirilib.

Məclisi Respublika Komitəsinin sədri Cahangir Əliyev açıb. Şəhidlərin xatirəsi yad edildikdən sonra Məclisin gündəliyi təsdiq olunub. C.Əliyev Respublika Komitəsinin fəaliyyətindən, Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, ötən 20 ildə cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin iqtisadiyyatı dönməz inkişaf yolunu tutub. Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. 07 fevral 2024-cü il tarixdə növbədənkənar prezident seçkilərinə toxunan sədr bildirib ki, zamanında atılmış bu müdrik qərar ölkəmizdə demokratiyanın təntənəsi olacaq. Hər kəsə yaxşı məlumdur ki, Prezidentimiz xalqa nə vəd veribsə, hamısını yüksək peşəkarlıqla yerinə yetirib, arzularını reallaşdırıb. Əminik ki, onun rəhbərliyi ilə dövlətimizi və xalqımızı daha aydın sabahlar, parlaq gələcək gözləyir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə bütün Xalqımız kimi biz Neftçilər də daim minnətdarıq və inanırıq ki, xalqımız bu seçkilərdə də birliyini qoruyaraq tərəqqiyə, sabitliyə səs verərək cənab İlham Əliyevi dəstəkləyəcək.
C.Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VI Qurultayının əhəmiyyətindən danışdı. Qurultayın işinə uğurlar arzulayaraq həmkarlar ittifaqı hərəkatındakı misilsiz xidmətlərini, həmkarların nüfuzunun qaldırılmasında göstərdiyi səyləri, o cümlədən Sahə Həmkarlar İttifaqının strukturuna daxıl olan üzv təşkilatlardan daxil olmuş təklifləri nəzərə alaraq Məclis üzvlərini Qurultayda Səttar Möhbalıyevin yenidən AHİK sədri seçilməsini dəstəkləməyə çağırdı.

Tədbirdə iştirak edən AHİK sədrinin müavini Cavanşir Alxasov Məclisin fəaliyyətinə uğurlar arzulayıb. C.Alxasov Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Həmkarlar İttifaqının təsis edildiyini və AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin I vitse-prezident seçildiyini bilirib. Qeyd edib ki, bununla yanaşı, Brüsseldə keçirilən Pan Avropa Regional Şurasının iclasında AHİK sədri Səttar Möhbalıyevin növbəti dəfə bu qurumun vitse-prezidenti seçilməsi də Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə olan beynəlxalq inamın, etibarın və yüksək qiymətin bariz nümunəsidir.

Məclisdə 2024-cü ildə Sahə Hİ-nın strukturuna daxil olan ilk Hİ Təşkilatlarında hesabat-seçki konfranslarının (yığıncaqlarının) keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpasında iştirak edən işçilərin, müharibə əlili və şəhid ailələrinin sosial hüquqlarının qorunması və RK Məclisinin, Rəyasət Heyətinin tərkibində dəyişikliklər edilməsi haqqında məsələlər müzakirə olunub və qərarlar qəbul olunub. AHİK-in VI Qurultayına seçilmiş nümayəndələrin siyahısı AHİK-ə təqdim olunması üçün təsdiq edilib.