Naxçıvanda 1250 ailəyə bayram sovqatı göndərilib

348

Dekabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin Ad Günü, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan 1250 aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Yola salınma mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak edib.
Məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.
Sonda sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

Qeyd edək ki, 2023-cü ilin son 6 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ümumilikdə 8 minə yaxın aztəminatlı, o cümlədən şəhid və qazi ailələrinə sovqat yardımı paylanılıb.