Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərinə Yeni il hədiyyələri təqdim edilib

609

Dekabrın 29-da Ordubad şəhər tam orta internat məktəbində təhsil alan şagirdlərlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli şagirdləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Elxan Nəcəfov və Ordubad rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yaxın zamanda Naxçıvanda yaradılacaq Turizm Bloggerləri Assosiasiyası üzvlərinin layihəsi çərçivəsində şagirdlərin Naxçıvan şəhərində təşkil olunan “Snowfest – Qış festivalı”ndakı “Dilək yolkası”nda əks olunan arzularına uyğun hədiyyələri təqdim ediblər. Ümumilikdə, 60 uşağın yeni il diləyi gerçəkləşdirilib.

Sonra uşaqlarla xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, yaxın zamanda Naxçıvanda yaradılacaq Turizm Bloggerləri Assosiasiyasının üzvləri Ordubad şəhər tam orta internat məktəbində olub və şagirdlərin diləklərini yazaraq muxtar respublikada ilk dəfə təşkil olunan “Snowfest – Qış festivalı”nda bəzədilmiş “Dilək yolkası”ndan asıblar. Dekabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan “Snowfest – Qış festivalı”na hazırlığın vəziyyəti ilə maraqlanan zaman dilək ağacından asılan arzularla tanış olub, uşaqların arzularının gerçəkləşdiriləcəyi bildirilmişdi.