Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IX plenumu keçirilib

656
Dekabrın 15-də «Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) şəhər, rayon komitələrində ittifaq üzvlərinin sosial_iqtisadi mənafelərinin müdafiəsi  və nizamnamə tələblərinin icra vəziyyəti haqqında» IX plenumu keçirilib. Plenumu Respublika Komitəsinin sədri Adil Atakişiyev açıb. Çıxışa başlamazdan əvvəl  torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və komitənin Rəyasət Heyətinin  sabiq üzvü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sabiq direktoru mərhum Azər Paşa Nemətovun xatirəsi birdəqiqəlik sükutla yad edilib. Daha sonra A. Atakişiyev həmkarlar ittifaqlarının fəaliyyətindən, əldə olunmuş uğurlardan danışıb. Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Həmkarlar İttifaqınn təsis edildiyini  və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin I vitse-prezident seçildiyini qeyd edib. A. Atakişiyev Vətən müharibəsi dövründə həmkarlar ittifaqları dövlətimizin yanında olduğunu xatırladaraq bildirib ki, qayğıya ehtiyacı olan üzvlərimizə, aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə yardımları əsirgəmirik, şəhid övladlarının himayəyə götürülməsində ən fəal təşəbbüskarlardan olmağı özümüzə borc bilirik.
Tədbirdə iştirak edən AHİK sədrinin müavini Hikmət Osmanov iştirakçıları salamlayaraq bütün sahə həmkarlar ittifaqlarında gedən hesabat kampaniyalarının əhəmiyyətindən danışıb. MİHİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan, fəaliyyəti daim yüksək qiymətləndirilən  komitələrdən biridir,- deyib. Daha sonra yaxın günlərdə keçiriləcək qurultay barədə də məlumat verən H.Osmanov bildirib ki, dekabr ayının ilk 15 günü ərzində Türk Dövlətləri Həmkarlar İttifaqı təsis edilib. Adil müəllimin də qeyd etdiyi kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin I vitse-prezident seçilib. Bundan əlavə, Brüsseldə keçirilən Pan Avropa Regional Şurasının iclasında da sədrimizə yenidən etimad göstərilib. Bir neçə gün öncə isə Moskvada Ümumhəmkarlar ittifaqlarının X Qurultayı keçirilib və AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti olub. Bütün bunlar bir daha sübut edir ki,  Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti beynəlxalq sferada da  yüksək qiymətləndirilir.
Daha sonra çıxış edən Respublika Komitəsinin Zaur Həmidov həmkarlar ittifaqının fəaliyyətinin uğurunu təmin edən əsas sənədlərdən biri də  kolektiv sazişlər və müqavilələr olduğunu bildirib.  MİHİ Respublika Komitəsi  sosial tərəfdaşları olan Azərbaycan Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə işçilərin əmək şəraitinin, sosial-iqtisadi mənafelərinin müdafiəsi və təminatlarının daha da yaxşılaşdırılmasına yönəlmiş Sahə Kollektiv Sazişləri imzalayıb. MİHİ-nin şəhər və rayon Komitələri tərəfindən Regional Mədəniyyət İdarələri ilə Ərazi Kollektiv Sazişləri, xidmətdə olan müəssisə və təşkilatlar isə Kollektiv Müqavilələr bağlamışlar.
İctimai nəzarəti gücləndirmək, metodiki və əməli köməklik göstərmək məqsədilə, Respublika Komitəsinin əməkdaşları  mütəmadi olaraq, yerlərdə müvafiq araşdırmalar, yoxlamalar aparırlar. Aparat rəhbəri bildirib ki, MİHİ-nin şəhər və rayon komitələri tərəfindən üzvlərin sosial – iqtisadi rifahlarının yaxşılaşdırılması yönündə 2023-cü ildə də bir çox işlər görülüb. Belə ki,  2023-cü il ərzində MİHİ-nin Respublika Komitəsi, şəhər və rayon komitələri tərəfindən ittifaq üzvləri olan birinci və ikinci vətən müharibəsi iştirakçıları, veteranları, qaziləri və şəhid ailələri olan 1069 nəfərə 156960 manat məbləğində maddi yardım və ərzaq məhsulları, 5188 nəfər aztəminatli ittifaq üzvlərinə 351719 manat məbləğində maddi yardım və ərzaq məhsulları verilib. AHİK tərəfindən 2023-cü il ərzində Respublika Komitəsinə 675192 manat məbləğində 604 nəfərlik sanator-müalicə və istirahət mərkəzlərinə 418  yollayış ayrılmışdır. 328 sanatoriya yollayışı müalicə olunmaq üçün, 90 yollayış isə  istirahət etmək üşün müraciət etmiş üzvlərə verilib.
Bundan əlavə, Respublika Komitəsi tərəfindən istirahət mərkəzlərinə 354487 manat məbləğində 667 nəfərlik 159 yollayış alınmış və ailəvi istirahət üçün müraciət etmiş ittifaq üzvlərinə verilib. 2022-ci il ilə müqayisədə 157 nəfərlik 33 yollayış əlavə alınıb.
Tədbirdə Respublika Komitəsinin  MiHİ Sabirabad rayon komitəsinin sədri Telman Əzimov, Yevlax rayon komitəsinin sədri  ⁠Zöhrə Adgözəlova, ⁠Ucar rayon komitəsinin sədri Mirqələm Əliyev, Tərtər rayon komitəsinin sədri Sadiq Quliyev  çıxış edərək il ərzində görülən tədbirlərdən, qarşıda duran məsələlərdən danışıb.