Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin Məclisi keçirilib

648

Dekabrın 19-da Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin Məclisinin III İclası keçirilib.

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Rövşən Namazov iclası açıq elan edərək Dövlət Gömrük Komitəsində aparılmış struktur islahatlar nəticəsində yeni ilk həmkarlar təşkilatlarının yaradıldığından Məclisin yeni tərkibinin formalaşdırılmalı olduğunu diqqətə çatdırıb. Gündəlikdə duran 21 məsələ barədə ümumi məlumat verən sədr 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərində cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə, 20 dekabr 2023-cü il tarixdə AHİK-in növbədənkənar keçiriləcək Qurultayında Səttar Suliddin oğlu Möhbalıyevin AHİK sədrliyinə namizədliyinin Birlik tərəfindən dəstəklənməsinin və Birlik üzvləri arasında bu istiqamətdə təbliğat-təşviqat işləri aparılmasının zəruriliyini bildirib.

Sonra gündəlikdə duran 21 məsələ üzrə ardıcıllıqla açıq səsvermə keçirilib və bütün məsələlər məclis üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Ardınca cari ildə görülmüş işlər barədə Birliyin sədr müavini Asəf Ağayevin hesabatı dinlənilib. Bildirib ki, həmin dövr ərzində Birliyin yeni Nizamnaməsi təsdiq edilərək qeydiyyatdan keçirilib, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması məqsədilə təlimat hazırlanaraq ilk həmkarlar təşkilatlarına göndərilib, gömrük orqanlarında quruşdırılmış rentgen baxış qurğularının insan orqanizminə mənfi təsiri təhlil edilib. Həmçinin gömrük əməkdaşlarının sağlamlığının qorunması və istirahət etmələri üçün yollayışlar əsasında onların respublika ərazisində yerləşən sanatoriya və istirahət mərkəzlərinə göndərilməsi təmin olunub, daxil olmuş müraciətlər əsasında Birliyin üzvü olan aztəminatlı şəxslərə maddi yardımlar göstərilib, gömrük əməkdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün Komitə tərəfindən keçirilən idman və bayram tədbirləri, həmçinin sosial layihələr maliyyələşdirilib.

Tədbirin sonunda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Musa Mirzəyev əmək münasibətlərində işçilərin əmək, sosial və iqtisadi hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının rolu və bu sahədə görülmüş işlər barədə ümumi məlumat verib.