Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VIII Plenumu keçirilib

940

Dekabrın 6-da Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VIII Plenumu olub. Plenumu Respublika Komitəsinin sədri Hikmət Osmanov açıb. O, çıxışına Azərbaycan Həmkarlar İttifaqı üçün əlamətdar olan məlumatla başlayıb. Deyib ki, ötən həftə Türkiyənin Ankara şəhərində Türkdilli Dövlətlərin Həmkarlar İttifaqı Təşkilatı təsis edilmiş və AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev I vitse-prezident seçilmişdir. Dünən isə Brüsseldə keçirilən Pan Avropa Regional Şurasının iclasında sədrimizə yenidən etimad göstərilib. Onun növbəti dəfə bu vəzifəyə namizədliyi irəli sürülüb və yekdilliklə dəstəklənib. Plenum nümayəndələri və çoxminli ittifaqımız adından bu münasibətlə hörmətli Səttar müəllimi təbrik edirəm.

H.Osmanov sonra Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında, xalqımızın dəstəyi ilə, qüdrətli Ordumuzun istər 44 günlük Vətən müharibəsində, istərsə də sentyabrın 19-da xüsusi hərbi əməliyyat zamanı qazandığı qələbəni xatırlatdı.
Dedi ki, bu Zəfər yürüşündə, azadlıq müharibəsində minlərlə şəhidimiz və qazimiz oldu. Yaşayış məntəqələrimizə atılan mərmilər nəticəsində neçə-neçə dinc əhali həyatını itirdi.
Dövlətimiz şəhidlərimizin ailələrinin və qazilərimizin məsuliyyət yükünü öz üzərinə götürüb. Ağrılarını azaltmaq, unutdurmaq, maddi və mənəvi ehtiyaclarını ödəmək üçün əvəzsiz işlər görür. Azərbaycan Həmkarlar İttifaqıları Konfederasiyası və onun üzv təşkilatları da bu kateqoriyadan olan insanlara qayğını fəaliyyətlərinin tərkib hissəsi hesab edirlər.
Təkcə bizim Respublika Komitəsi tərəfindən Qarabağ Dirçəliş Fonduna 100.000 manat, Regional İnkişaf İctimai Birliyinə 200.000 manat, Yaşat Fonduna 150.000 manat vəsait köçürülmüşdür.

Təbii ki, şəhid ailələrinə mənəvi və maddi dəstəyi ümdə vəzifəmiz bilirik. Belə ki, Aprel döyüşlərində şəhid olan 2 ailənin 5 azyaşlı uşağına ayda 150 manat, 44 günlük Vətən müharibəsində həlak olmuş 100 şəhid ailəsinə hər ay 100 manatdan, Dövlət Sərhəd Xidməti hərbi helikopterinin qəzaya uğraması zamanı şəhid olmuş 8 nəfər hərbi qulluqçunun 14 uşağının hər birinə ayda 100 manat maddi yardım göstərilir. 2024-cü ilin yanvar ayından şəhid mayor Nazim Hüseynovun övladını da himayəyə götürmək haqqında qərar qəbul etmişik.

Qazi Taleh Camalovun Türkiyədə əməliyyat olunmasına təşkilatlarımızın və Respublika Komitəsinin vəsaiti hesabına 25.000 manat ayrılmışdır.

Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına uyğun olaraq, bu il aparat işçiləri və üzv təşkilatların nümayəndələri tərəfindən 91 şəhid ailəsi ziyarət olunmuşdur. Şəhid övladlarına doğum günü münasibətilə hədiyyələr təqdim edilmişdir. Bu işlərin gələcəkdə də davam etdirilməsi bütün təşkilat sədrlərimizin əsas vəzifələrindən biri olmalıdır.

Tərəfimizdən şəhid ailələrinin, qazilərin və veteranların sağlamlığının möhkəmləndirilməsi, ailə üzvlərinin istirahətlərinin təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinə və istirahət evlərinə mütəmadi olaraq yollayışlar ayrılır.

Hikmət müəllim bildirdi ki, təşkilatımız, əsas missiyasına sadiq qalaraq, ittifaqın bütün üzvlərinin əmək və sosial hüquqlarını qoruyub, hər birinin etimadını qazanmağa çalışıb.
Bu etimadın nəticəsidir ki, il ərzində Respublika Komitəsinə 376 ərizə və şikayət daxil olmuşdur. Ərizələrin 32-si maddi yardımla, 131-i sanatoriya və istirahətin təşkili, 19-u işdən qanunsuz azad olmaq, qalan hissəsi isə hüquqi tövsiyə almaq və sairə ilə əlaqədar olub. Bütün ərizələrə qanuna müvafiq şəkildə, vaxtında baxılmışdır. Müraciət müəlliflərinin bir qismi Respublika Komitəsində qəbul edilmiş, müəyyən araşdırmalar aparmaqla aidiyyatı qurumların rəhbərlərinə məktublar göndərilmiş və nəticə barədə ərizəçiyə vaxtında rəsmi cavablar verilmişdir. Ərizələrin araşdırılması dövründə işsiz olan üzvlərimizə, işdən haqlı və ya haqsız çıxarılmalarına baxmayaraq, kömək məqsədilə ümumilikdə 1700 manat maddi yardım verilmişdir.

Sahə həmkarlar ittifaqı olaraq, kadr məsələlərini də daim diqqət mərkəzində saxlamışıq.Yaşlıların daha gənc və bacarıqlı kadrlarla əvəz edilməsi günün vacib məsələlərindəndir. Aparatda və üzv təşkilatlarda yaşı ilə əlaqədar maaşlı sədr və mühasiblərdən bir neçəsi gənclərlə əvəzlənib.

Biz tövsiyə etmişik ki, yerlərdə liderlər daha bacarıqlı, rayon və şəhər ictimaiyyəti arasında nüfuzu olan insanlar arasından seçilsin. Belə sədrlərimiz çoxdur, lakin yalnız vəzifəm olsun deyə işləyənlər də təəsüf olsun ki, vardır. Biz çalışırıq ki, yerlərdə kadrlarımız sərbəst və heç bir müdaxilə olmadan işlərini qursunlar. Lakin, açığını deyim ki, bəzən rayon İcra Hakimiyyətləri tərəfindən yerlərdə işimizə müdaxilələr olur. Biz yersiz müdaxilələrin qarşısını alırıq. Bu yaxınlarda 3 rayonda sədrimizin dəyişdirilməsilə əlaqədar başçılar tərəfindən təklif gəlib, amma biz bunun əleyhinə olmuşuq. Belə ki, yaxşı kadrı sona qədər müdafiə etmək borcumuzdur.

H.Osmanov sonra dedi, fəaliyyətimizin əsas sahələrindən biri olan üzvlərimizin yollayışla təmin edilməsi şəffaf şəkildə aparılmışdır. Yüzlərlə sahə işçisi güzəştli ödənişlərlə AHİK-in nəzdində olan istirahət mərkəzlərində, sanatoriya kurort müəssisələrində dincəlib. Müxtəlif yay istirahət mərkəzlərinə, müqavilə əsasında, 1500 nəfərdən çox üzv göndərilmişdir. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yollayışlar pulsuz verilmişdir.
Bildiyiniz kimi həmkarlar ittifaqının fəaliyyətinin uğurunu təmin edən əsas sənəd kollektiv sazişlər və müqavilələrdir.

Respublika Komitəsi Nazirlik, Dövlət Komitəsi və digər baş idarələrlə bağlanmış Sahə Kollektiv sazişlərin sayını il ərzində 26-dan 35-ə çatdıra bilmişdir. Kollektiv müqavilələrin bağlanması isə yerlərdə həyata keçirilir,bu işdə də operativlik təmin olunmalıdır.
Bu il ölkəmizdə H.Əliyev ili elan edilmişdir. Ulu öndərin anadan olmasının 100 illiyilə əlaqədar bir sıra tədbirlər, yarışlar, dəyirmi masalar keçirilmiş və idman tədbirlərinə xüsusi yer verilmişdir.

Qalib komandaların hər bir üzvü pulla mükafatlandırılmış və komandalara kuboklar təqdim edilmiş, ayrı-ayrı nominasiyalar üzrə fərdi prizlər müəyyən edilərək qaliblər mükafatlandırılmışdır.

Plenumda Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev «Kollektiv saziş və müqavilələrin bağlanmasına dair vəziyyət və əməyin mühafizəsi sahəsində görülən işlər, təşkilat və hüquq şöbəsinin müdiri Vüsal Məmmədov növbəti ildə şəhər, rayon, birləşmiş həmkarlar ittifaqlarında və ilk təşkilatlarda keçiriləcək hesabat-seçkilər, sahə Hİ-nin VII qurultayının çağırılması haqqında məlumat verdilər.
Sonra təşkilati məsələyə baxıldı.