“AqroİnnoFest” sərgisi keçirilib

1093

Dekabrın 15-də Kürdəmir rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi Aqrar İnnovasiya Festivalı keçirilib. Festivalda Kürdəmir, Ucar, Hacıqabul, Zərdab, İmişli və digər rayonlardan olan fermerlər iştirak edib. Tədbirdə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən texnologiya və məhsullar sərgilənib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət qurumlarının mütəxəssisləri, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən fermerlər və təsərrüfat işçiləri üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri, aqrar sığorta, bitkiçilik və heyvandarlıq, ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat verilib.

Festivalın rəsmi açılış hissəsində çıxış edən Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fuad Məmmədov bildirib ki, bu festivalın əsas məqsədi istehsalçılar və fermerlər arasında birbaşa əlaqə yaratmaqdır. Nəticədə fermerlər yeni innovativ texnologiyaların tətbiq edilməsi ilə təsərrüfatlarını böyüdür, gəlirlərini artırır və yeni iş yerləri yaradırlar.

Sonda Sahə Həmkarlar İttifaqı Komitəsi tərəfindən il ərzində səmərəli fəaliyyətləri nəzərə alınaraq  Aqrar İnnovasiya Mərkəzinin 3 əməkdaşına və eləcə də Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoruna fəxri fərman təqdim olunub.