AHİK-in növbədənkənar qurultayının vaxtı müəyyənləşib

1367

Dekabrın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib. İclası AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
İcraiyyə Komitəsinin iclasında AHİK-in növbədənkənar qurultayının çağırılması, təşkilati məsələlər və bununla bağlı üzv təşkilatlara məlumatların göndərilməsi müzakirə olunub.
S.Möhbalıyev bildirib ki, 2024-cü ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaq və bu seçkilərin yüksək vətəndaş fəallığı şəraitində, azad və demokratik keçirilməsinə Azərbaycan həmkarlar ittifaqları, milyondan çox sayı olan üzvlərimiz də öz töhfəsini verəcəkdir.

İclasda nəzərə alınıb ki, növbədənkənar qurultay dekabrın 20-də Bakı Konqres Mərkəzində keçirilsin. Qurultayda AHİK yeni sədri vəzifəsinə namizədin irəli sürülməsi və seçkisi, eləcə də digər təşkilati məsələlər müzakirə olunacaq.
İcraiyyə Komitəsinin iclasında 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə növbəti ərzaq yardımından ibarət maşın karvanının dekabrın 24-də respublikanın rayonlarına yola salınması barədə də qərar qəbul olunub.