Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır

390

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Ağbulaq İstirahət Mərkəzində olub, qış turizminə hazırlığın vəziyyəti ilə maraqlanıblar.

Məlumat verilib ki, buradakı Xizək Mərkəzində ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, kafelər, süni qaryaratma sistemləri, xizəksürmə məktəbi mövcuddur. Sürüşmə zolaqlarında və kanallarda, eləcə də uşaqların əyləncəsi üçün nəzərdə tutulan sahədə lazımi təmizlik işləri aparılıb. Hazırda 26 sabit, 2 hərəkət edən süni qar püskürtmə aparatı vasitəsilə ərazidə süni qar örtüyü yaradılır.

Burada 120 dəst hər yaş qrupuna uyğun geyim, bir o qədər də xizək sürənlər üçün xüsusi geyim dəstləri mövcuddur. Bu il uşaqlar üçün 60 yeni kirşə alınıb, 4 qar motorunun hər biri texniki baxış keçirilərək saz vəziyyətə gətirilib. Həmçinin mərkəzin əsas infrastrukturundan biri olan kanat sisteminə texniki baxış keçirilib və lazımi təhlükəsizlik tədbirləri görülüb. Uzunluğu 952 metr olan kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb. Kanat xəttində quraşdırılması üçün yeni qapalı kabinlər də sifariş verilib. Kanat liftinin başlanğıcında və sonunda kafelər fəaliyyət göstərir.

Səlahiyyətli nümayəndə Xizək Mərkəzində yeni yaradılan infrastruktura da baxıb. Məlumat verilib ki, ərazidə 3-ü VIP olmaqla 8 yeni kupe istifadəyə verilib. VIP otaqlardan 2-si 6, 1-i isə 12 nəfərlikdir. Həmçinin qonaqların rahatlığının təmin olunması məqsədilə yeni mağaza da fəaliyyətə başlayıb. Burada məhsullar bazar qiymətlərinə uyğun təklif olunur.