XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadasının açılışı olub

450

Noyabrın 25-də Sabirabadda Olimpiya İdman Kompleksində kənd idmançılarının və Vətən müharibəsi qazilərinin iştiraki ilə XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadasının açılış mərasimi olub.
“Heydər Əliyev İli” çərçivəsində baş tutan spartakiada Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) , “Məhsul” İdman Cəmiyyəti (İC) və Kənd-Qida-İş Həmkarlar İttifaqları Federasiyası tərəfindən birgə təşkil edilib.

Mərasimdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, eləcə də ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, Spartakiadanın iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə həmçinin Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Kənd-Qida-İş Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Təhmasib Əliyev, AHİİTA-nın sədri Binyamin Mənsimzadə, “Məhsul” İC-nin sədri Rasim Əliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyevin çıxışları dinlənilib.
Spartakiada idmanın 7 növü (milli güləş, daş qaldırma, dirədöymə, çalağançardağı, xıy-xıy, nərd, gücsınama və kəndirdartma) üzrə 15 komanda mübarizə aparıb. Komanda yarışlarında fərqlənən idmançılar diplom və hədiyyələrlə təltif olunub.
Tədbirdən sonra Azərbaycan həmkarlar ittifaqları adından Sabirabad rayon mərkəzi stadionunun ətrafında 100 ədəd şam ağacı əkilib. Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.