TÜRK-İŞ-nin 24-cü Qurultayının açılışı olub

557

Noyabrın 30-da Ankara şəhərində Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) 24-cü Qurultayının açılışı olub.

Mərasimə TÜRK-İŞ-yə üzv təşkilatların rəhbərləri və digər nümayəndələri qatılıblar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın həmkarlar ittifaqlarının sədrləri tədbirdə qonaq qismində iştirak ediblər.

Öncə TÜRK-İŞ-nin hesabatı dinlənilib, görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb, gələcək planlara toxunulub.

AHİK sədri Səttar Möhbalıyev tədbirdə çıxış edib, Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə davamlı olaraq inkişaf edən əlaqələrdən, qardaşlıq münasibətlərindən, göstərilən qarşılıqlı dəstəkdən danışıb, həmçinin AHİK-lə TÜRK-İŞ-nin əməkdaşlığından bəhs edib: “Bu gün Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyədədir. İkinci Qarabağ  müharibəsinin ilk günündən Türkiyə Azərbaycanın yanında olduğu kimi, Türkiyənin cənub-şərqində baş verən faciəvi zəlzələ zamanı Azərbaycan dövləti və xalqı da öz qardaşlarına hərtərəfli dəstək oldu. Bununla yanaşı, AHİK və üzv təşkilatlar türkiyəli həmkarlarına maddi və mənəvi köməyini əsirgəmədi. Biz zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və iki otaqlı modul tipli ev – konteyner göndərdik. Həmçinin zəlzələ qurbanlarına humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 min manat vəsait köçürdük. AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına 17 min manat ianə edib”.

O bildirib ki, qardaş Türkiyənin həmkarlar ittifaqları ilə AHİK arasında əlaqələr durmadan genişlənir, ikitərəfli səfərlər təşkil olunur, görüşlər keçirilir: “Biz beynəlxalq həmkarlar ittifaqları hərəkatında baş verən hadisələrlə bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparırıq. İlk müqaviləmizi də məhz türkiyəli həmkarlarımızla bağlamışıq. Nəzərinizə çatdırım ki, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılması təşəbbüs də bizə məxsusdur. Bundan sonra da əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi istiqamətində birgə səylə çalışacağıq”.

Səttar Möhbalıyev həmçinin TÜRK-İŞ-nin fəaliyyətinə toxunaraq ötən illər ərzində görülən işləri yüksək qiymətləndirib, bunun digər ölkələrin həmkarlar ittifaqları üçün böyük nümunə olduğunu bildirib və Qurultayın işinə uğurlar diləyib.

Sonra çıxış edən Qazaxıstan, Qırğızıstan və Özbəkistanın həmkarlar ittifaqlarının rəhbərləri TÜRK-İŞ ilə əlaqələrindən danışıblar. Həmçinin Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasında göstərdikləri təşəbbüsə və təşkilatçılığa görə AHİK sədri Səttar Möhbalıyevə və TÜRK-İŞ sədri Ərgün Atalaya təşəkkür ediblər.

Tədbirdə digər çıxışlar da olub.

Qeyd edək ki, Qurultay dekabrın 2-dək davam edəcək.