Qafqazın ən böyük büdcəsi

581

Azərbaycanın 2024-cü il büdcəsi Ermənistanla müqayisədə 3,5 dəfə, hərbi büdcəsi 2,1 dəfə, sosial xərcləri 1,5 dəfə artıqdır; Azərbaycanın dövlət büdcəsi Gürcüstanın əsas maliyyə sənədindən 2,1 dəfə, hərbi büdcəsindən 7,2 dəfə yüksəkdir

Son 20 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçən Azərbaycan iqtisadi müstəqilliyin yaratdığı reallıqlar fonunda hərtərəfli tərəqqi edir. 2003-cü ildən bu yana ümumi daxili məhsulun dörd dəfə, dövlət büdcəsinin gəlirlərinin 30 dəfədən çox, xarici ticarət dövriyyəsinin isə on dəfədən çox artması, ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulması bunu təsdiqləyən reallıqdır.
İqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi maliyyə çətinliyi olmayan ölkəmiz artıq 2023-cü ili də uğurla başa vurmaqdadır. İl ərzində həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində sosial-iqtisadi inkişafın dayanıqlılığı təmin olunub. İnkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşması Azərbaycanın regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrildiyini sübut edir.
İkinci Qarabağ müharibəsindəki şanlı zəfərdən sonra Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2024-cü ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.

2003-2023: 20 ilin möhtəşəm uğurları, rekord göstəriciləri

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasını çox mükəmməl şəkildə reallaşdıraraq Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən Prezident İlham Əliyevin müəllifi olduğu beş Milli Prioritetin icrası hər il böyük uğurlar qazanılmasına əlverişli zəmin yaradır.
Əgər 2003-cü ildən bu günə qədər Azərbaycanın keçdiyi tərəqqi yoluna nəzər yetirsək, aydın şəkildə möhtəşəm uğurlara şahidlik etmiş olarıq. Hələ 2003-cü ildə növbəti ilin dövlət büdcəsi müzakirə edilərkən onun gəlirləri 7 518 400 milyon manat, xərcləri isə 7 833 400 milyon manat həcmində təsdiq edilmişdi. Ölkəmizin valyuta ehtiyatları isə cəmi 1,8 milyon dollar idi.
Bu gün isə iqtisadi göstəricilərə nəzər yetirdikdə rekord göstəricilərə şahidlik edirik.
Prezident İlham Əliyev noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında söylədiyi kimi, son 20 il ərzində, ümumi daxili məhsul 4 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ÜDM-in təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatlarımız birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Onlardan 200 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda bu göstərici 5,5 faiz təşkil edir. Son 20 ildir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin cərgəsindədir. 2022-2023-cü illərdə strateji valyuta ehtiyatlarımız daha 14,5 faiz artaraq 67 milyard dollara çatıb.
Bu illərdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb, xalis minimum əməkhaqqının xalis orta əməkhaqqına nisbəti 2003-cü ildəki 12 faizdən artaraq 41 faizə çatıb. Ünvanlı yardımın orta məbləği isə 11 dəfə artıb.
Ötən 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu müddətdə şəhid ailələri və müharibə əlillərinin təqaüdü 6 dəfə artırılıb, şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib.
2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat təşkil edirdi. 2023-cü ildə ölkənin müdafiə və milli təhlükəsizlik xərclərinə  5,3 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə ayrılan vəsaitin məbləği 6 milyard, 421 milyon manatdan artıqdır.
Beləliklə, qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, son 20 ildə Azərbaycan bir çox dövlətin uzun illər ərzində qazana bilmədikləri uğurları əldə edə bilib. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin tam müstəqil siyasəti, sosial-iqtisadi islahatları və qlobal miqyaslı layihələri hesabına əldə edilib. Rekord göstəricilər onu deməyə əsas verir ki, istənilən iqtisadi böhrandan çıxmağa qadir olan Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq.

Regionda ən az büdcə yenə Ermənistana məxsusdur

Azərbaycan davamlı olaraq siyasi, sosial-iqtisadi qüdrətini artırır, mövqelərini möhkəmləndirir. Gələn il ərzində Azərbaycanın yeni nailiyyətlərin müəllifinə çevriləcəyinə də heç bir şübhə yoxdur. Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmlədəcəyini tam qətiyyətlə deməyə əsas verir. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar.
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi yenə də Qafqazda ən böyük büdcənin ölkəmizə məxsus olduğunu təsdiqləyir. Artıq Milli Məclisdə 2 oxunuşda təsdiqlənən 2024-cü il üzrə dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil edilmiş sənədlər ilk dəfə olaraq, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın növbəti ildə sosial-iqtisadi inkişafını müəyyənləşdirir və onun əsas prioritetləri quruculuq, əhalinin rifahının yüksəldilməsi, təhlükəsizliyinin təmin olunmasıdır.
Gələn il üçün büdcə gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 282,5 milyon manat və yaxud 1,2 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 139 milyon manat çoxdur.
Növbəti ildə neftin 1 barelinin orta illik qiymətinin baza ssenarisi əsasında 60 ABŞ dolları olacağı, ümumi daxili məhsulun real artım tempinin 2,4 faiz, qeyri-neft/qaz  sektoru üzrə ÜDM-in real artım tempinin 4,6 faiz,  inflyasiyanın orta illik göstəricisinin 5,3 faiz, orta aylıq əməkhaqqının 980 manat olacağı proqnozlaşdırılır.
Büdcə layihəsində sosialyönümlü xərclər 1 milyard 34,5 milyon manat artırılaraq, 15 milyard 772,9 milyon manata və ya dövlət büdcəsinin xərclərinin 42,9 faizinə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin məskunlaşmasına şəraitin yaradılması üçün 4 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Ölkənin müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq-mühafizə orqanları üçün ayrılan xərclərin 9 milyard 377,7 milyon manata, təhsil xərclərinin 4 milyard 549,9 milyon manata, səhiyyə xərclərinin 1 milyard 871 milyon manata çatdırılması nəzərdə tutulub.
Xərclərin strukturuna baxdıqda görünür ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də əsas hədəflər əhalinin rifah səviyyəsinin yüksəldilməsi, investisiyaların stimullaşdırılması, insan kapitalının inkişafı, ölkənin təhlükəsizliyinin təmin olunmasıdır.
Cənubi Qafqaz ölkələri ilə müqayisə apardıqda isə fərqli göstəricilər ortaya çıxır. Məsələn, qonşu Gürcüstanda vəziyyət fərqlidir. Ölkənin 2024-cü il üçün dövlət büdcəsi 27 milyard 800 milyon lari (10 milyard 500 milyon ABŞ dolları) olacaq. İqtisadiyyatın 5,2 faiz artımı nəzərdə tutulub. Ortamüddətli perspektivdə isə real iqtisadi artım proqnozu 5 faiz təşkil edəcək, orta illik inflyasiya 2,8 faiz nəzərdə tutulub. ÜDM proqnozu 85 milyard 370 milyon laridir. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə dövlət büdcəsi 8,5 milyard lari, ÜDM isə 27 milyard lari olub. 2024-cü ildə birləşmiş büdcə kəsiri 2,5 faiz, hökumətin borcu isə ÜDM-in 38,2 faizi qədər olacaq. Beləliklə, Azərbaycan büdcəsi Gürcüstanla müqayisədə az qala 2,1 dəfə artıqdır.
Gələn il üçün məğlub Ermənistanda büdcənin xərcləri 3,108 trilyon dram (7,75 milyard dollar), gəliri 2,767 trilyon dram (6,9 milyard dollar), kəsiri isə 341,1 milyard dram (853,3 milyon dollar) hesablanıb. Bu da o deməkdir ki, Azərbaycanın 2024-cü il üçün büdcəsi Ermənistanla müqayisədə 3,5 dəfə artıq olacaq.
Diqqət çəkən məqamlardan biri də  Ermənistanın dövlət borcunun yükünün durmadan artmasıdır. Gələn il ölkənin dövlət borcu yenə də artacaq və ÜDM-in 48,4 faizini təşkil edəcək.  Ümumiyyətlə, məğlub ölkədə orta hesabla hər il dövlət borcu təxminən 1 milyard dollar artıb. Son məlumatlara görə, Hayastanın dövlət borcu 11,4 milyard dollar civarındadır. Nikol Paşinyan hakimiyyətə gələnə qədər bu, 6,7 milyard dollar idi. Beş ildən az müddət sonra 4,7 milyard dollar borc yığılıb.
Gələn il Ermənistanın dövlət borcu son illərdəki kimi, heç də az olmayan sürətlə artacaq. Belə ki, hökumətin 2024-cü il dövlət büdcəsinə əsaslanan proqnozlarına əsasən, bu ilin sonunda dramla ifadə olunan dövlət borcu 4,660 milyard dram təşkil edəcək. İndi bu, 4,395 milyarddır. Yəni  ilin sonuna kimi 265 milyard dram artacağı gözlənilir. Artıq gələn ilin sonunda hökumətin proqnozlarına görə, borc 5,318 milyard dram təşkil edəcək.
Ermənistan hakimiyyətinin bu proqnozları özünü doğrultsa, gələn il dramla ifadə edilən borc əsasən hökumətin öhdəliklərinə uyğun olaraq 658 milyard dram (təxminən 1,6 milyard dollar) artacaq. Proqnozlar isə yekunda onu deməyə əsas verir ki, gələn il borc öhdəlikləri 12 milyard dolları ötəcək.
Bu arada, 2024-cü il dövlət büdcəsinə əsaslanan proqnozlara əsasən, hökumətin borcunun xidmət xərcləri (faiz ödənişləri) ÜDM-in 3,1 faizini təşkil edəcək. Nominal ifadədə bu, 322 milyard dramdan çox olacaq.
Rəsmi İrəvan pensiya və müavinətləri artırmaq əvəzinə götürülmüş və bilinməyən səbəblərə xərclənən borcları ödəmək məcburiyyətində qalacaq. Əgər hər şey hökumətin tərtib etdiyi ssenari üzrə getsə, gələn il borcun xidmət məbləğləri, ən azı, 49,4 milyard dram artacaq. Hayastanın dövlət büdcəsinə əsaslanan məzənnə ilə hesablansa, bu, 128 milyon dollar alınır. Beləliklə, gələn il borc xidməti də artacaq və ümumilikdə 830 milyon dollardan çox olacaq.
Gələn il Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542 milyon manat və ya 2,7 milyard dollar olacaq. Bu da 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur. Eləcə də Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 faiz və ya 690 milyon manat çoxdur.
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılacaq. Gələn il üçün ehtiyac meyarının həddi 24 manat artırılaraq 270 manat nəzərdə tutulur.
Beləliklə, sosial təminatla bağlı xərclərin məbləği təxminən 700 milyon manat artırılacaq ki, bu da bir çox sosial sahədə əlavə artımların maliyyə təminatı üçün əsas mənbə olacaq.
Qonşu Gürcüstanda isə 2024-cü ilin sosial müdafiə və təminat xərcləri 7,7 milyard lari (2,6 milyard dollar) təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 10 faiz azdır.
Məğlub Ermənistanda isə sosial müdafiə və təminat xərcləri 745 milyard dram və ya 1 milyard 850 milyon dollardır.  Bu da o deməkdir ki, Azərbaycanla müqayisədə təxminən 1,5 dəfə azdır.
Cənubi Qafqaz ölkələrinin büdcələrində maraq doğuran məqamlardan biri də hərbi xərclərlə bağlıdır. Azərbaycanın büdcə layihəsinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 6 milyard 421 milyon  manat (3,7 milyard dollar) ayrılacaq. Yəni bir tərəfdən, ordu quruculuğu prioritet olaraq qalır, bu məbləğ müasir silahlar almaq və hərbi sənayeni inkişaf etdirmək üçün kifayətdir, digər tərəfdən isə Azərbaycan həm də göstərir ki, silahlanma yarışına çıxmayıb.
Qonşu Gürcüstanın hərbi xərcləri gələn il üçün cəmi 1,370 milyard lari və ya 513 milyon dollar təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 7,2  dəfə azdır.
Büdcəyə əsasən, Ermənistan 2024-cü ildə əsaslı xərclərin 41 faizini müdafiə sektorunu dəstəkləməyə yönəldəcək. 2024-cü ildə əsaslı xərclər artaraq, 710 milyard dram (təxminən 1 milyard 775 milyon dollar) təşkil edəcək. Ermənistan Müdafiə Nazirliyinə 555 milyard dram (1,4 milyard dollar) ayrılacaq. Müdafiə xərcləri ÜDM-in 5,3 faizini təşkil edəcək.
Bütün hallarda, aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri artırsa da, Azərbaycanla eyni səviyyədə olmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə məqsədli xərcləri Ermənistanla müqayisədə təxminən 2,1 dəfədən artıq olacaq.
Aparılan müqayisələr o nəticəyə gəlməyə əsas verir ki, Vətən savaşında Azərbaycanın qarşısında diz çökən Ermənistan bu gün istənilən sahələrdə ölkəmizlə ayaqlaşmaq gücündə deyil və heç bir zaman da olmayacaq.
Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlər başçısının söylədiyi kimi, son 20 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.

Zəfər büdcəsi: Böyük qayıdış, Qarabağ və Şərqi Zəngəzurun bərpası  

Ümumiyyətlə, son 20 ildə Prezident İlham Əliyevin əsas hədəflərindən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək olub. Bu səbəbdən də ölkədə iqtisadi müstəqillik əsas prioritet olub və siyasi müstəqillik üçün bünövrə rolunu oynayıb. Məhz cənab İlham Əliyevin müstəqil siyasəti, uğurlu diplomatiyası sayəsində Azərbaycan bu gün özünü təmin edən, iqtisadi müstəqilliyə sahib olan qüdrətli ölkədir.
Bunu Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş yenidənqurma, tikinti-quruculuq işlərinin heç kimdən yardım almadan dövlətin öz gücünə həyata keçirməsi də bir daha təsdiq edir.
Bu gün işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işləri, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Həm yurd yerlərimiz yenidən qurulur, həm də keçmiş məcburi köçkün soydaşlarımız demək olar hər gün doğma el-obalarına qayıdırlar.
İşğaldan azad edilmiş ərazilərimizə Böyük qayıdışın təmin edilməsi Azərbaycanın 2030-cü ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuş və bu prioritetin reallaşması üçün 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” dövlət başçısının 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Proqram Milli Prioritetlər üzrə iki məqsədə – əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədlərinə xidmət edir. Proqram üzrə tədbirlərin infrastruktur, iqtisadiyyatın daha da yüksəlməsi, sosial inkişaf və ərtaf-mühitin tarazlı inkişafı üzrə müəyyən edilmiş hədəf göstəricilərinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.
2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən, Böyük qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə 30,5 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədlə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. Bu ilin dövlət büdcəsində sözügedən proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda dövlət proqramının icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.
Dövlət proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzurda ilkin mərhələdə 8 şəhər, 8 qəsəbə və 84 kəndin bərpa edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin iştirakı ilə 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə, müharibədən ötən müddətdə bərpa-quruculuq layihələri çərçivəsində dövlət başçısı tərəfindən 63 müxtəlif təyinatlı obyektin açılışı olub.
Ümumilikdə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün isə planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub. Deməli, ölkəmiz heç bir maliyyə dəstəyi və yardım almadan Qarabağ və Şərqi Zəngəzurun bərpasını həyata keçirib və bundan sonra da Azərbaycan öz iqtisadi qüdrəti hesabına əzəli yurdumuzu cənnətməkana çevirəcək.

Naxçıvanın sosial-iqtisadi inkişafına dəstək prioritetlər sırasındadır

Azərbaycanın 2024-cü il və ortamüddətli dövrdə büdcə siyasəti qarşısında duran prioritet istiqamətlərindən biri də Prezidentin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin icrasından ibarətdir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli reinteqrasiya prosesi, irimiqyaslı tikinti-quruculuq işləri və tətbiq olunan güzəşt və azadolmalar, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin qurulması perspektivi analoji çərçivənin Naxçıvanda da tətbiqinə imkanlar yaradır.
Hazırda sözügedən imkanlardan istifadə edərək muxtar respublikada iqtisadi inkişaf səviyyəsinin sürətləndirilməsi, əhalinin layiqli həyat səviyyəsi və məşğulluğunun təmin edilməsi, sosial rifah vəziyyətinin daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi fonunda görüləcək işlər yeni mərhələyə qədəm qoyub. Nəticədə, davamlı olaraq muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunması ön plana çıxıb.
Qeyd olunanları nəzərə alaraq sözügedən dövlət proqramının əsas məqsədi dayanıqlı artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.
Bu xüsusda dövlət proqramında 2023-2027-ci illər üçün 11 prioritet istiqamət və 5 hədəf göstərici müəyyən edilib və proqramın həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər və hədəf göstəricilər üzrə qruplaşdırılıb. Belə ki, muxtar respublikanın bütün mövcud imkanlarından səmərəli istifadə etməklə çatışmazlıqların aradan qaldırılması və sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər və hədəf göstəricilər nəzərə alınmaqla gerçəkləşdiriləcək.
Göstərilənlərlə əlaqədar olaraq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlərin icrası ortamüddətli dövrdə büdcə siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərə alınıb və bu məqsədlə 249,1 milyon manat məbləğində vəsaitin qarşılanması üçün 2024-cü ilin dövlət büdcəsi layihəsində maliyyə təminatı yaradılıb.
Beləliklə, yenilənmiş makroiqtisadi proqnozlara əsasən, qeyri-neft gəlirlərinin artımı və büdcə qaydası üzrə təklif olunan trayektoriya əsasında genişlənmiş ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqram”nın dövlət borcuna xidmətlə bağlı xərc ehtiyaclarının qarşılanmasına imkan verir.
Yeni hədəflərdən biri də dövlət proqramı çərçivəsində Naxçıvanda “yaşıl enerji” potensialının yaradılması, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi tədbirlərinin genişləndirilməsi, habelə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılmasıdır.
Bir sözlə, gələn ilin dövlət büdcəsinin xərclərinin istiqamətləri növbəti ildə hökumətin sosial-iqtisadi sahədə atacağı addımları əks etdirən güzgüdür desək, yanılmarıq.
Xərclərin strukturuna baxdıqda görünür ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də əsas hədəflər əhalinin rifah səviyyəsinin yüksəldilməsi, investisiyaların stimullaşdırılması, insan kapitalının inkişafı, ölkənin təhlükəsizliyinin təmin olunmasıdır. Faktlar, real rəqəmlər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradır.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri