Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

498

Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının rəhbərliyi və kollektivi Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Kollektivə Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Daha sonra tədbirin əsas hissəsi başlayıb. Tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 1967-ci il noyabrın 17-də keçirilən təsis konfransında təşkil olunub. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ayrılmaz tərkib hissəsi olmaqla bir neçə təşkilatın birləşdiyi qurumdur. Bu qurum Həmkarlar İttifaqları üzvlərinin və digər işçilərin sosial-iqtisadi, hüquqi və mənəvi mənafelərinin müdafiəsini həyata keçirən və Naxçıvan Muxtar Respublikasının sahə həmkarlar ittifaqlarının, sahələrarası birliklərin könüllü ittifaqıdır. Qurum üzrə muxtar respublikanın idarə və müsəssisələrində 767 ilk təşkilat fəaliyyət göstərir ki, onlar da öz ətraflarında 46224 ittifaq üzvünü birləşdirir.

Qəzənfər Abdullayev qeyd edib ki, Həmkarlar İttifaqları yarandığı gündən bu günədək vətəndaşların hüquqlarının müdafiəçisi kimi sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparır.

Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının ildönümü ilə bağlı digər çıxışlar dinlənilib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında həmkarlar İttifaqı fəallarının mükafatlandırılma mərasiminə keçid alınıb. Naxçıvan Qarnizonu Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Natiq Əhmədov, Kəngərli rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Əfsanə Hüseynova və Şahbuz Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Mirhəsən Kərimov ” AHİK-in 30 illik yubiley” döş nişanı ilə təltif, şuranın 12 nəfər həmkarlar ittifaqı fəalları AHİK-in Fəxri Fərmanı ilə, 43 nəfər fəal isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Fəxri Fərmanı ilə təltif olunublar. Əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər əldə etmiş 2 nəfər gəncə “İlin peşəkar gənci” fəxri adı verilib.

Sonda “Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası dünəndən bu günə” adlı videoçarxa baxış olub.