Kişineuda PARŞ-nin Qadınlar məktəbi təşkil olunub

474

Noyabrın 7-8-də Moldovanın paytaxtı Kişineu şəhərində Pan-Avropa Regional Şurası (PARŞ) Qadınlar komitəsinin “Həssas qruplar və gender ödənişləri, digər boşluqları aradan qaldırmaq üçün siyasətlər” mövzusunda Qadınlar məktəbi təşkil olunub.

Tədbirdə 25-dən çox ölkənin həmkarlar ittifaqlarından 40-a yaxın nümayəndə iştirak edib.

Açılış mərasimində çıxış edən Qadınlar komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sektor müdiri Röya Qarayeva ötən dövr ərzində komitənin fəaliyyətindən söz açıb, tədbirin əhəmiyyətindən və müzakirəyə çıxarılan mövzuların aktuallığına toxunub. Bildirib ki, Moldovada təşkil olunan bu tədbir müxtəlif problemlərlə, o cümlədən müharibələr, təbii böhranlar, sosial dialoq şəraitində çətinliklərlə üzləşən müxtəlif ölkələrin qadın həmkarlar ittifaqı üzvləri üçün yaxşı fürsətdir, biz fikir mübadiləsi apararaq həmkarlar ittifaqı fəaliyyətlərində qarşılaşdığımız problemlərin birgə həlli yollarını tapmağa çalışacağıq.

Moldova Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti İqor Zubku isə çıxışında qeyd edib ki, qadın və gender problemləri ilə bağlı məsələlər daim rəhbərlik etdiyi qurumun diqqət mərkəzindədir, hökumət orqanları və eləcə də digər sosial tərəfdaşlarla bu mövzularda əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün çalışırlar.

Tədbirə onlayn qoşulan PARŞ-nin icraçı katibi Anton Leppik dekabrın 5-də keçirilməsi nəzərdə tutulan Baş Assambleyaya hazırlıqlar və müzakirə mövzusu haqqında məlumat verib.

Daha sonra tədbir sessiyalarla davam edib və eyni iş üçün bərabər ödənişin əldə edilməsi, milli və beynəlxalq səviyyədə gender siyasətləri, qeyri-sabitlik dövründə həll yolları tapmaq üçün sosial dialoqun rolu, onlayn iş zamanı qadınlar üçün bərabər imkanların yaradılması və diskriminasiyaya yol verilməməsi kimi məsələlər müzakirə olunub.