Gömrük Komitəsi Akademiyasında görüş keçirilib

403

Noyabrın 28-də Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi və Dövlət Gömrük Komitəsi Akademiyasının əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Akademiyanın rektoru, gömrük xidməti general-mayoru Qulu Novruzov rəhbərlik etdiyi təhsil ocağının yaranması, tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Akademiya ölkəmizin əmək bazarının inkişafının perspektivlərini nəzərə almaqla, hüquq və iqtisadiyyat sahələri üzrə yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş kadrlar hazırlamağı, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq olan sağlam düşüncəli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, Akademiya hər zaman tələbə qəbulu üzrə öz yüksək göstəricilərini qoruyub saxlayır.

Sonra Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev həmkarlar ittifaqlarının fəaliyyət istiqaməti, əməyin mühafizəsi, istirahət məqsədli layihələrin təşkilinə dair fikirlərini bildirib.

Görüşdə həmçinin müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, Akademiyanın əməkdaşlarının sualları cavablandırılıb.