Gömrük işçiləri arasında bilik yarışı təşkil olunub

589

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin maddi və təşkilati dəstəyi ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Öncə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbə münasibətilə əməkdaşları təbrik edib.
Sonra yarışa start verilib və Komitənin müxtəlif qurumlarında çalışan əməkdaşlardan ibarət 25 komanda mübarizəyə qoşulub. Hər biri 15 sualdan ibarət 2 tur üzrə keçirilən oyunun qalibi Tibbi Xidmət İdarəsinin “Hippokrat” komandası olub. Komitənin mərkəzi aparatının “Kvintet“, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Dəniz” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yeri qazanıblar.

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi 1-ci yerin sahibinə 2000 manat, 2-ci yerin sahibinə 1500 manat, 3-cü yeri qazanan komandaya isə 1000 manat mükafat verib.